Azərbaycanda əhalinin maliyyə xidmətlərinə geniş cəlb edilməməsinin səbəblərindən biri də bank şəbəkəsinin yaxşı inkişaf etməməsidir.

Fins.az-ın məlumatına görə, bu barədə Dünya Bankının bu gün təqdim etdiyi “Azərbaycanda Maliyyə Potensialının və İnkluzivliyinin Gücləndirilməsi Hesabatı”nda bildirilir: «Maliyyə müəssisələrinin məhdud əhatə dairəsinin yetərli olmaması maliyyə əlyetərliyi və inkluzivliyinə mane olur».

Hesabatda bildirilir ki, Azərbaycanda bank şəbəkəsi (yəni hər 1000 yetkin şəxsə düşən bank şöbələrinin sayı) Avropada ən kiçiklərdən biridir, müasir maliyyə xidmətlərinin göstərilməsi (o cümlədən, filialsız banklar, rəqəmsal maliyyə) isə lazımi səviyyədə inkişaf etməyib.

«Azərbaycan qeyri-bank maliyyə institutlarını və maliyyə xidmətləri üzrə müasir paylama platformalarını (e-bankçılıq, mobil bankçılıq) inkişaf etdirməlidir» – Azərbaycanda Dünya Bankının maliyyə sektoru üzrə fəaliyyətinə rəhbərlik edən Maliyyə Sektoru üzrə Baş Mütəxəssis xanım Anjela Priqojina qeyd edib.

Hesabatda deyilir ki, Azərpoçtun banka çevrilməsi Azərbaycanda maliyyə xidmələrinin inkişafında ciddi rol oynayıb: «Ölkə ərazisində 1600 filialdan artıq şəbəkəsi və bank və digər maliyyə institutları ilə tərəfdaşlığı ilə “Azərpoçt” ölkədə maliyyə inkluzivliyi və əlyetərliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər».