İlin əvvəlindən etibarən Azərbaycanda bank müştərilərinin sayı kəskin artıb.

Aprelin sonuna bank müştərilərinin sayı 7 248 375-ə çatıb. Bu ilin əvvəli ilə müqayisədə 913 min müştəri və ya 14,4% artıqdır.

Xatırladaq ki, bu ilin əvvəlində (yanvarın 1-ə) bank müştərilərinin sayı 6 335 405 idi. Təkcə aprel ayı ərzində bank müştərilərin sayında 69703 nəyərlik artım olub.

Ümumilikdə bank müştərilərinin sayının artması özünü həm fiziki həm də hüquqi şəxslərin sayında göstərib.

Belə ki, ilin əvvəlindən keçən 4 ay ərzində bank müştərisi olan fiziki şəxslərin sayı 833,7 min nəfər artaraq 6 milyon 233,9 min nəfərdən 7 milyon 135,6 min nəfərə çatıb.

Şirkət yaratmadan sahibkarlıqla məşğul olmayan, yəni VÖEN-lə işləyən fiziki şəxslər arasında bank müştərilərinin sayı təqribən 30 min nəfər artaraq 264,4 min nəfərdən 291,5 min nəfərə yüksəlib.

Bank müştəriləri arasında hüquqi şəxslərin sayı  isə, bu müddət ərzində 12 min nəfər və ya 11% artaraq 112,8 minə qalxıb.

Müştəri sayının artmasına baxmayaraq banklarda müştəri hesablarının sayında azalma var. Aprein sonuna banklardakı hesabların ümumi sayı 17 milyon 444,6 min olub.

Bu ötən ilin sonu ilə müqayiədə 508 min hesab və ya 2,8% azdır. Bu dövrdə cari hesablar 391,5 min və ya 2,6% azalaraq 14 milyon 566,3 minə düşüb.

Banklardakı kredit hesabları sayı 77 min hesab və ya 2,9% azalaraq 2 milyon 550,8 minə düşüb. Hüquqi şəxslərin depozit hesabı isə 40 min hesab azalaraq 368 mindən 327,5 minə düşüb.

@Fed.az