Bu ilin ötən dövründə Azərbaycanda təminatlı banklararası REPO bazarının həcmi 4,4 milyard manat, təminatsız bazarın həcmi isə 26,8 milyard manat təşkil edib.

Bu barədə “Report”a Azərbaycan Mərkəzi Bankından (AMB) “Məcburi ehtiyat norması” haqqında yeni qərarı şərh edərkən bildirilib

“Bu göstərici hər iki seqment üzrə banklararası bazarın aktivliyini göstərir. Əlavə olaraq banklar milli valyutada Mərkəzi Bankın günlük daimi imkan alətindən istifadə edə bilərlər. Qeyd olunan imkanların mövcudluğu şəraitində banklar məcburi ehtiyat üzrə vəsaitlər təmin etməzlərsə bu halda Mərkəzi Bank tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu gün bankların məcburi ehtiyat normalarına uyğun vəsait saxlaması üçün müxtəlif imkanlar mövcuddur. Bu imkanlara Mərkəzi Bankın dəstəyi ilə yaradılmış banklararası bazar seqmentləri və daimi kreditləşmə aləti aiddir”, – deyə AMB qeyd edir.

Bildirilir ki, 2022-ci ilin sentyabr ayından bəri pul siyasətinin ötürücülüyünün gücləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bir sıra islahatlar həyata keçirilib: “Bu islahatlar çərçivəsində məcburi ehtiyatların təkmilləşdirilməsi digər pul siyasəti alətlərinin təkmilləşdirilməsinə paralel şəkildə həyata keçirilib. Yəni müxtəlif mərhələlərdə məcburi ehtiyat normaları ilə bağlı müvafiq qərarlar pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahat gündəliyinin tərkib hissəsidir. Məcburi ehtiyat normaları ilə bağlı həm öncəki, həm də son qərar bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə verilib. Maliyyə sabitliyinə xələl gətirməmək üçün məcburi ehtiyat normaları mərhələli şəkildə qaldırılmış və diferensiasiya edilib.

Ümumilikdə, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi sektorda likvidliyin idarə edilməsinə, banklararası bazarda qısamüddətli əqdlər üzrə faizlərin formalaşmasına, bu faizlərin Mərkəzi Bankın uçot dərəcəsinin dəyişiminə reaksiya verməsinə müsbət təsir edir. Müsbət haldır ki, ilk dəfə banklararası faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmağa başlayıb”.

Bu il ərzində bu istiqamətdə aparılan dəyişikliklərə toxunaraq, AMB-dən bildirilib ki, son 1 ildə məcburi ehtiyat normaları ilə bağlı 2 dəfə dəyişikliklər edilib və yeni normalar uyğun olaraq cari ilin fevral və avqust aylarından başlayaraq tətbiq edilib.

“Birinci dəyişikliyə əsasən normalar milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə 750 milyon manat ekvivalentini üstələyən hissəsi üzrə müvafiq olaraq 10 % və 12 % səviyyəsində müəyyən olunub. Digər hallarda məcburi ehtiyat norması manatda və qiymətli metallarda öhdəliklər üzrə 4 %-dən 5 %-ə, xarici valyutada öhdəliklər üzrə %-dən %-ə qaldırılıb.

İkinci dəyişikliyə əsasən isə milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə 750 milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10 % və 12 % səviyyəsində müəyyən olunub. Hüquqi şəxslərin depozitləri qeyd edilən limitdən aşağı olan halda isə norma manatda və qiymətli metallarda öhdəliklər üzrə 5 %, xarici valyutada öhdəliklər üzrə 6 % səviyyəsində dəyişməz qalıb”, – Mərkəzi Bankdan bildirilib.