Strateji inkişaf planını uğurla yerinə yetirmək üçün kadr potensialını gücləndirən Azərbaycan Beynəlxalq Bankında yeni təyinat baş verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Nihat Şənyuva bankın Baş informasiya inzibatçısı vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü Nihat Şənyuva 2000-ci ildə Türkiyənin Ege Universitetindən Kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. 2009-cu ildə isə Yeditepe Universitetində MBA dərəcəsi alıb.

O, 2002 –2011-ci illərdə  “Yapi Kredi Bank”da, 2011-2016-cı illərdə “Yapı Kredi Azərbaycan”da müxtəlif vəzifələrdə çalışıb. Bankın İnformasiya texnologiyaları departamentinin rəhbəri, daha sonra İT üzrə baş direktoru olub.

Azərbaycan Beynəlxalq Bankı komandasına qoşulmazdan əvvəl “Yapı Kredi Bank”ın törəmələri olan “Yapı Kredi Bank Azərbaycan”, “Yapı Kredi Bank Niderland”, “Yapı Kredi Bank Malta” banklarında, “Yapı Kredi Factoring”, “Yapı Kredi Leasing”, “Yapı Kredi Asset Management” təşkilatlarında İT və rəqəmsal transformasiya üzrə məsul rəhbər vəzifəsində çalışıb.

Azərbaycan Beynəlxalq Bankının 2022-ci ilə qədər qarşıya qoyduğu əsas hədəflərdən biri innovativ həllərin geniş tətbiqi, mükəmməl rəqəmsal təcrübənin formalaşdırılmasıdır. Bank hazırda bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. Nihat Şənyuva Azərbaycan Beynəlxalq Bankında İT və rəqəmsal transformasiya proseslərinə rəhbərlik edəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.