Bu il iyulun 1-nə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 milyard 487 milyon 726 min manat), “PAŞA Bank” (4 milyard 430 milyon 357 min manat), “Kapital Bank” (3 milyard 663 milyon 211 min manat), “Xalq Bank” (2 milyard 135 milyon 273 min manat) və “Bank Respublika”dır (1 milyard 215 milyon 808 min manat).

Qalan 25 bankdan 8-də aktivləri 500 milyon manatdan 1 milyard manata qədər, 15 bankda 100-500 milyon manat arasında, 2 bankda – İran və Pakistan Milli Banklarının Bakı filiallarında isə 100 milyon manatdan azdır.

12 bankın aktivləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu il iyulun 1-nə aktivləri illik müqayisədə az olub.

Bunlar “Access Bank”, “Bank of Baku”, “AGBank”, “Nikoyl Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Atabank”, “Azərbaycan Sənaye Bankı”, İran Milli Bankının Bakı filialı, “Rabitəbank”, “Zıraat Bank Azərbaycan”, “AFB Bank” və “Express Bank”dır. Ən az azalma “Access Bank”da (2%), ən çox azalma isə “Express Bank”da (20,8%) qeyd alınıb.

Qalan 18 bankın aktivləri isə son 1 ildə artıb. Ən yüksək dinamika “Bank Respublika”da (41,6%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan”da (0,5%) qeydə alınıb.

© Renkinq