“Bank Melli İran”ın Bakı şəhərində yerləşən filialı 2021-ci ilin 9 ayı üzrə (yanvar-sentyabr) maliyyə göstəricilərini açıqlayıb.

Marja.az göstəricilərə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ərzində filialın aktivləri azalıb. Belə ki, ötən ilin sonunda Bank Melli İranın Bakı filalının cəmi aktivləri 55 milyon 386 min manat ikən, 30 Sentyabr 2021-ci il tarixində 53 milyon 81 min manat təşkil edib (cəmi aktivlər 2 milyon 305 min manat və ya 4,2% azalıb). Geriləmə filialın qiymətli kağızlara investisiyalarının 6 milyon 768 min min manat və ya 30,2% azalaraq ötən ilin sonundakı 22 milyon 430 min manatdan 15 milyon 662 min manata düşməsilə əlaqədardır.

2021-ci ilin yanvar-sentyabr dövründə “Bank Melli İran” Bakı filialı tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 4 milyon 715 min manat və ya 90% artaraq 9 milyon 937 min manata çatıb. Ötən ilin sonunda filialın kredit portfeli 5 milyon 222 min manat təşkil etmişdi.

Bu il “Bank Melli İran”ın Bakı filialı maliyyə institutları qarşısında öhdəliklərini 5 milyon 983 min manat və ya 22,8% azaldaraq 20 milyon 175 min manata endirib.

“Bank Melli İran”ın Bakı filialı subordinasiya borc öhdəliklərini isə 1 milyon 49 min manat azaldaraq 17 milyon 751 min manata endirib.

Cari ilin 9 ayında Bankda müştəri hesabları 8,1% və ya 871 min manat azalaraq 9 milyon 832 min manata geriləyib.

2021-ci ilin yanvar-sentyabr dövründə “Bank Melli İran”ın Bakı filialının cəmi gəlirləri 3 milyon 314 min manat, cəmi xərcləri 2 milyon 350 min təşkil edib, filial 9 ayı 964 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək k, ötən ilin 9 ayında filialın cəmi gəlirləri 2 milyon 490min manat, cəmi xərcləri 1 milyon 592 min manat, xalis mənfəəti 898 min manat təşkil etmişdi.

Xalis mənfəət ilə əlaqədar olaraq Bank Melli İran”ın Bakı filialının yığılmış zərəri ötən ilin sonundakı 36 milyon 232 min manatdan 35 milyon 268 min manata düşüb. “Bank Melli İran” Bakı filialına 73 milyon 611 min manat nizamanmə kapitalı yatırılsa da yığılmış 35 milyon 268 min manat zərərə görə məcmu kapitalı aşağıdır. 30 Sentyabr 2021-ci il tarixində “Bank Melli İran” Bakı filialı 56 milyon 1 min manat məcmu kapitala malik olub.

2021-ci ilin 9 ayında “Bank Melli İran” Bakı filialının faiz gəlirləri 2 milyon 585 min 659 manat (+33,2%), haqq və komissiya gəlirləri 139 min 593 manat (+31,6%), xarici valyuta əməliyyatları üzrə gəlirlər 568 min 619 manat (+67,8%) təşkil edib. Ötən ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 940 min 314 manat, haqq və komissiya gəlirləri 105 min 998 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 338 min 804 manat təşkil etmişdi.

Bu il “Bank Melli İran” Bakı filialı aktivlər üzrə ehtiyatların yaradılmasına 876 min 838 manat ayırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur (Filial ötən ilin 9 ayında ehtiyatlara 153 min 537 manat ayırmışdı). Ayırmanın artması aktivlər üzrə (depozitlər və krditlər) risklərin artdığna işarədir.

Qeyd edək ki, banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradırlar. Qaydalara görə, standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar adi, qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar  məqsədli ehtiyatlar hesab edilir. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir. Ödəmə vaxtı 90 günədək keçmiş aktivlər (kreditlər) qənaətbəxş, gecikmə bu müddəti aşdıqda isə qeyri-qənaətbəxş hesab edilir.

“Bank Melli İran” Azərbaycan-İran  ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildən Bakı şəhərində yerləşən Bakı filialını  formalaşdırmışdır.