Yeni zelandiyalı gənc ailə öz əlləri ilə mavi tısbağa (“Blue Turtle”) adlandırdıqları kompakt üzən ev tikiblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bununla da onlar mənzil problemlərini həll ediblər. Çünki yaşadıqları Oklend şəhərində əmlak və torpaq sahəsi çox baha olduğundan mənzil almaq gənc ailələr üçün real deyil.

Eni 4,6 metr, uzunluğu isə 11,5 metr olan 2 mərtəbəli “mavi tısbağa”da yaşamaq üçün hər şərait yaradılıb. Orijinal layihə əsasında tikilən evin hər metrindən rasional şəkildə istifadə edilib. Birinci mərtəbədə yerləşən yataq və vanna otaqları, mətbəxdən başqa qonaq otağı da nəzərdə tutulub.