Ötən ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı evini itirən vətəndaşlara yeni mənzillərin verilməsi başlayıb.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlardan zərər görən 11 vilayətdə 930 tikinti bölgəsi yaradılıb və orada 110 min mütəxəssis fəaliyyət göstərir. Binaların inşasına zəlzələdən 46 gün sonra başlanılıb.

Hazırda 200 min evin tikintisi davam edərkən daha 100 min mənzilin inşasına başlanıb. Onlardan 50 mini kənd evidir.

Bölgədə bir il ərzində 300 mindən çox tikintinin başa çatdırılaraq sahiblərinə təhvil verilməsi planlaşdırılır.

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlərlə 46 min mənzilin açarı artıq sahiblərinə təqdim olunub. Bir ay ərzində daha 30 min evin təhvil veriləcəyi gözlənilir.