Ötən il fevralın 6-da Türkiyədə baş vermiş və 53 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərdən sonra bölgədə başladılan yenidənqurma işləri tam sürətlə davam edir. Bu, dəhşətli zəlzələlərin episentri olan Kahramanmaraş vilayətində daha 20 min 145 tikilinin inşası tamamlanaraq sahiblərinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Bildirilib ki, yeraltı təkanlar zamanı Kahramanmaraşda 7 min 490 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əsrin fəlakəti adlandırılan bu faciədən sonra dünyanın ən böyük yenidənqurma səfərbərliyi başladılıb. Bölgədə zəlzələyə dayanıqlı 45 min 809 tikilinin inşasına qərar verilib. Hazırkı mərhələdə 18 min 296-ı bina, 1849-u isə kənd evi olmaqla, ümumilikdə, 20 min 145 tikilinin inşası başa çatdırılaraq sahiblərinə təhvil verilib. Digər tikililərin inşası da tam sürətlə davam edir.
Qeyd edək ki, zəlzələ Türkiyənin 11 vilayətində dağıntılara səbəb olub. Bu bölgələrdə indiyədək 76 min tikilinin inşası başa çatdırılıb. İlin sonuna qədər ümumilikdə 200 min tikilinin sahiblərinə təhvil verilməsi gözlənilir. On bir vilayətin yenidənqurma işlərinin 2025-ci ilin payız aylarınadək tamamlanması planlaşdırılır.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətinin yenidən qurulması işlərində iştirak edən ölkəmiz tərəfindən bölgədə “Azərbaycan” yaşayış məhəlləsi inşa olunur. Ümumi sahəsi 32 hektar təşkil edəcək layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq.