Türkiyədə aparılan araşdırmaya əsasən, ölkənin 18 vilayətinin 80 rayonunda yerləşən 100 min tikilinin seysmik xətt üzərində olduğu müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək qanunun qəbul olunacağı təqdirdə seysmik xətt üzərində inşa olunan bütün tikililərin yenidən inşası və ya daha təhlükəsiz bölgələrə keçirilməsi nəzərdə tutulur.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu adıgedən ərazilərlə bağlı hüquqi tənzimləmə üçün mütəxəssislərdən ibarət qrupların yaradıldığını bildirib.

Ölkənin Mineral Araşdırma və Kəşfiyyat Baş İdarəsi tərəfindən aparılan son araşdırmaya əsasən, hazırda Türkiyə ərazisində 5.5 bala qədər yeraltı təkan törədə biləcək 486 aktiv xətt və ya xətt seqmenti var. Bu xətlərin keçdiyi 18 vilayət arasında isə Aksaray, Bolu, Sakarya, Yalova, Bursa, Balıkəsir, Manisa, İzmir, Aydın, Dənizli, Ərzurum, Qəhrəmanmaraş, Hatay, Hakkari, Muğla, Əskişəhər, Kütahya, Bingöl yer alır. Böyük zəlzələlərin gözləndiyi İstanbulda isə seysmik xəttin şəhərin mərkəzi hissəsindən keçmədiyi, lakin buna baxmayaraq Avropa qitəsində 8, Asiyada isə 11 rayon olmaqla ümumilikdə 400 min tikilinin riskli olduğu müəyyən edilib.