Tokionun mərkəzi hissəsində Yaponiyanın 325 metrlik ən hündür “Mori JP Tower” göydələninin olduğu “Azabudai Hills” çoxfunksiyalı kompleksin inşası başa çatıb.

AZƏRTAC xəbər verir ki, Ropponqi, Adzabu və Toranomon rayonlarının kəsişməsində yerləşən kompleksin açılışı noyabrın 24-də baş tutacaq. “Mori Building” kompaniyasının tikdiyi kompleksin sahəsi təxminən səkkiz hektardır. Reallaşması 35 il çəkən layihənin dəyəri 4 milyard dollar həcmində qiymətləndirilir.

“Azabudai Hills” kompleksində 20 min insanın çalışacağı ofislər, 3,5 min insanın yaşayacağı mənzillər, iki otel, rəqəmsal incəsənət muzeyi, Tokiodakı Britaniya məktəbi, böyük tibb mərkəzi və digər infrastruktur obyektləri yerləşəcək.

Həmin rayon Tokionun ən bahalı ərazilərindən hesab olunur. Burada 90 kvadratmetr sahəsi olan mənzilin qiyməti aşağı mərtəbələrdə 5,3 milyon dollar, ən yüksək 64-cü mərtəbədə isə 134 milyon dollardır.

“Azabudai Hills” 1986-cı ildən Tokionun mərkəzində tikilən “Hills” seriyasının dördüncü kompleksidir. Ərazisinin təxminən 40 faizini yaşıl sahələr və parklar təşkil edir.

Kompleksin konstruksiyası zəlzələ zamanı güclü titrəyişə tab gətirməklə yanaşı, binanın yırğalanmasını minimuma endirə bilir. Bundan başqa, fövqəladə hallar zamanı elektrikin kəsilməsi halında qaz generatorlarından istifadə edilməklə bütün kompleks enerji ilə təmin olunacaq. Eyni zamanda, burada 3,6 min nəfərin yerləşə biləcəyi sığınacaq mövcuddur və anbarlarında 270 min porsiya qida rasionu saxlanılır.