Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi NEOM şirkəti təbiətlə insanların harmoniya şəraitində yaşayacağı futuristik şəhərin salınması üzrə yeni “The Line” layihəsinin təqdimatını edib.

AZƏRTAC “Saudigazette” nəşrinə istinadla xəbər verir ki, bu layihə urbanizasiya tarixində inqilab kimi qiymətləndirilib.

Təxminən 170 kilometrlik ərazini əhatə edəcək yeni şəhərdə insanlar avtomobillər olmadan, təmiz ekoloji şəraitdə və fərqli infrastrukturdan istifadə etməklə yaşayacaq. Onun salınması üçün Səudiyyə Ərəbistanı hökuməti 48 milyard dollar vəsait ayıracaq və 380 min iş yeri açılacaq.

Vəliəhd şahzadə Məhəmməd bin Salman layihənin təqdimat mərasimində bildirib: “Tarix boyu şəhərlər öz vətəndaşlarını qorumaq üçün salınıb. Sənayeləşmə inqilabından sonra maşınlar, fabriklər onları yaşanılmaz hala gətirib. Proqnozlar göstərir ki, 2050-ci ildə 1 milyarddan çox insan karbon qazı emissiyası və dəniz səviyyəsinin qalxması səbəbindən şəhərləri tərk edəcək. Biz təbiəti inkişaf naminə qurban verməməliyik. Təkcə çirklənmə səbəbindən hər il 7 milyon insan həyatını itirir, 1 milyon nəfər isə avtomobil qəzalarında həlak olur. Bu səbəblərdən bizim yeni layihədə 1 milyon şəhər sakini avtomobilsiz, küçələrsiz və sıfır karbon qazı emissiyası olacağı futuristik şəhərdə yaşayacaq”.

Uzun kəmər formasında inşa ediləcək futuristik şəhərdə bütün zəruri xidmət sahələri, habelə məktəblər, xəstəxanalar, istirahət məkanları elə yaxın dizayn ediləcək ki, insanlar müasir nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bundan başqa, texnologiyanın ən son nailiyyətləri tətbiq edilməklə, şəhər sakinlərinin digər məntəqələrə səyahəti üçün elektromobillərdən istifadə olunacaq. “Ağıllı şəhər”də süni intellektin də geniş tətbiqi nəzərdə tutulur.

Futuristik şəhərin inşasına yaxın aylarda başlanacaq. Əsas sponsor qismində Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu çıxış edəcək.