İndoneziyanın Mərkəzi Kalimantan əyalətində yerləşən Palankaraya şəhəri ölkənin yeni paytaxtı ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti hökumətdəki ekspertlərə istinadla məlumat yayıb.

Qəzet Milli Elm İnstitutunun əhali yerləşməsi problemlərinin tədqiqatı üzrə rəhbəri Harri Yoqasvapın sözlərini sitat gətirərək yazır: “Bu şəhər olduqca gəncdir, onun əsası ötən yüzilliyin ortalarında qoyulub. Həmin vaxt respublikanın ilk prezidenti, milli qəhrəman Sukarno da ölkənin yeni paytaxtını bu şəhərə köçürmək barədə düşünürdü”.

H.Yoqasvap əlavə edib ki, hökumətin sifarişinə əsasən bu günlərdə aparılan təhlillər bu şəhərin dövlətin mərkəzi kimi tələb edilən standartlara tam cavab veridiyini təsdiq edib. Həmçinin, Kalimantan adası seysmoloji cəhətdən təhlükəsiz rayonda yerləşir. Bununla yanaşı, ekspert xəbərdarlıq edərək bildirib ki, həmin ada çoxsaylı daşqınlara məruz qalır və burada meşə yanğınlarına görə güclü tüstülənmə var.

Ekspertlərin qənaətinə görə, Palankaraya İndoneziyanın ən uğurlu layihələndirilən və gözəl şəhərlərindən biridir. Hazırda bu şəhərin əhalisinin sayı bir neçə min nəfərə çatır.

Qəzetin bildirdiyinə görə, hakimiyyət orqanları Palankarayadan başqa, Cənubi Kalimantan əyalətindəki Tanah Bumbu dairəsinə və Şərqi Kalimantandakı Panacam rayonuna da namizəd kimi baxırlar.