2018-ci ilin birinci rübündə Aİ ölkələrində mənzillərin qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz və əvvəlki rüblə müqayisədə 0,7 faiz artıb. AVROSTAT-ın (Avropa İttifaqı Statistika İdarəsinin) məlumatına görə, Macarıstanda qiymət artımı bu göstəricilərdən xeyli yüksək olub.

AZƏRTAC xəbər verir ki, mənzilin qiyməti müəyyənləşdirilərkən ev təsərrüfatları tərəfindən alınan bütün (istər yeni tikilmiş, istərsə də alınıb-satılmış) yaşayış sahələrinin (mənzillər, ayrıca binalar, terras tipli evlər və s.) nə məqsədlə istifadə edilməsindən və əvvəlki sahiblərindən asılı olmayaraq onların qiymətlərinin dəyişməsi və HPİ indeksi (mənzillərin qiymət indeksi) nəzərə alınır.

2017-ci ilin dördüncü rübü ilə müqayisədə 2018-ci ilin birinci rübündə mənzillərin qiyməti avrozonada 0,6 faiz, bütövlükdə Aİ üzrə 0,7 faiz artıb. Əvvəlki rüblə müqayisədə qiymətlərin ən yüksək artımı Latviyada (+7,5 faiz), Macarıstanda və Sloveniyada (+4,4 faiz), həmçinin Portuqaliyada qeydə alınıb (+3,7 faiz). Maltada 4,7 faiz azalma müşahidə olunub. Kiprdə qiymət azalması 1,8 faiz, İsveçdə isə 0,8 faiz olub.

2018-ci ilin birinci rübündə mənzillərin qiymətlərinin ən yüksək artımı Latviyada (13,7 faiz), Sloveniyada (13,4 faiz), İrlandiyada (12,3 faiz) və Portuqaliyada (12,2 faiz) olub. Qiymətlərin artım sürətinə görə Macarıstan da bu ölkələrdən çox geri qalmır (11,5 faiz). Eyni zamanda İsveçdə və İtaliyada qiymətlər 0, 4 faiz, Finlandiyada isə 0,1 faiz azalıb.