Macarıstanda daşınmaz əmlakın qiymətləri Avropada rekord səviyyədə artım nümayiş etdirir. Bu, ölkənin daşınmaz əmlak bazarında 2024-cü ildə nəzərəçarpacaq canlanma yaşanması, əvvəlki illərdə müşahidə olunan ucuzlaşma prosesinin dayanması ilə bağlıdır.
AZƏRTAC Macarıstanın Mərkəzi Statistika İdarəsinə (KSH) istinadla xəbər verir ki, bu ilin birinci yarısında mənzil satışlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faizlik artım qeydə alınıb.
Beləliklə, Macarıstan daşınmaz əmlak qiymətlərinin artımında Aİ ölkələri arasında liderlik edir ki, bu da bazarın əhəmiyyətli dərəcədə canlanması və davamlı genişlənməsini göstərir.
“Economx” nəşri yazır ki, Macarıstanın daşınmaz əmlak bazarında 2024-cü ilin əvvəlində nəzərəçarpacaq canlanma əlamətləri müşahidə olunub. Ölkənin şərqində ciddi dəyişiklik müşahidə olunmayan fərdi yaşayış evləri istisna olmaqla, qalan ərazilərdə qiymət artımı geniş yayılıb.
2023-cü ildə mənzil bazarında qiymət artımı yavaşlamışdı, lakin evlərin ümumi qiymətləri indeksi 2015-ci ilin bazasında 271 faizə çatıb. Keçən il inflyasiya ev qiymətlərinin nominal artımını üstələyərək real qiymətləri aşağı salsa da, 2024-cü ilin birinci rübündə əhəmiyyətli dəyişikliklər baş verib. Mövcud və yeni tikilən mənzillərin real qiymətləri üç dəfə artıb. Keçən il ölkədə yeni mənzillərin orta qiyməti 62 milyon forintə (156 min avro), 2024-cü ilin əvvəlində isə 65,8 milyon forintə (166 min avro) yüksəlib, həmçinin 1 kvadratmetr üçün qiymət 1,2 milyon forintə (3020 avro) çatıb.
Paytaxt Budapeştdə mövcud (yəni artıq məskunlaşmış) mənzillərin hər kvadratmetr üçün orta qiyməti 918 000 forintə (2310 avro) qalxıb.
Bu, Avropada daşınmaz əmlak qiymətlərində artımın ən yüksək səviyyələrindən biridir.