İstanbulun mərkəzi hissələrindən olan Taksim meydanında inşa edilən yeni Atatürk Mədəniyyət Mərkəzinin əsas tikintisi başa çatıb. Hazırda burada tamamlanma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, təməli ötən il fevralın 10-da qoyulan mərkəzin tikintisinin iki ilə tamamlanması nəzərdə tutulmuşdu.

Mərkəzin əsasını 2073 nəfər üçün nəzərdə tutulan opera salonu təşkil edir. Binada 828 nəfərlik teatr, 1000 nəfərlik konsert, 285 nəfərlik kino, 250 nəfərlik otaq teatrı və bir sərgi salonlarının, eləcə də bir kitabxananın olacağı bildirilir. Yeni binanın ən üst mərtəbəsində isə restoran fəaliyyət göstərəcək. Bundan əlavə, binada 885 avtomobil üçün dayanacaq da inşa olunacaq.

Qeyd edək ki, yeni binanın memarı bundan əvvəlki Atatürk Mədəniyyət Mərkəzinin memarı olan Murat Tabanlıoğlunun oğlu Hayati Tabanlıoğludur.