Helsinkidə Şimali Avropada ən böyük ticarət mərkəzi açılır.

AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də Helsinkinin mərkəzi Pasila rayonunda “Mall of Tripla” ticarət mərkəzinin açılış mərasimi olacaq.

Yeni mərkəz 85 min kvadratmetr ərazidə yerləşir. Burada 250 mağaza, restoran və müxtəlif xidmətlər göstərən şirkətlər fəaliyyət göstərəcək, 7 min dən çox insan çalışacaq.

Mərkəzə yeni dəmir yolu vağzalı, ofis otaqları daxildir. Bundan əlavə, kompleksdə 400-dən çox nömrəsi olan otel, parklama yerləri və 1000 sakin üçün nəzərdə tutulmuş yaşayış binaları inşa edilib. Kompleksin tikintisi təqribən 1,1 milyard avroya başa gəlib.

Qeyd edək ki, internet mağazalarının getdikcə daha çox yayılması və populyarlaşması səbəbindən Şimali Avropada iri ticarət mərkəzlərinin açılışı nadir hadisədir. Buna baxmayaraq, Finlandiyada ənənəvi ticarət mərkəzlərinin sahibləri olan şirkətlər bu vəziyyəti düzəltmək niyyətindədirlər. Halbuki ekspertlərin hesablamalarına görə, Finlandiya 2030-cu ilə qədər öz pərakəndə mağazalarının beşdəbir hissəsini itirəcək, ən pis halda ölkədə belə mağazaların 40 faizə qədəri bağlanacaq.