Gürcüstan hökuməti Qara dəniz sahilindəki Poti limanının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya deyib. Onun sözlərinə görə, yaxın günlərdə limanın yenidən qurulması ilə bağlı işlərə başlanılacaq.

Baş Nazir deyib ki, Poti limanının yenidən quruması layihəsinin ümumi dəyəri 93 milyon dollar nəzərdə tutulub. Layihənin reallaşmasına ABŞ fondu birbaşa investisiya yönəldəcək. Artıq fond bu məqsədlə 30 milyon dollar vəsait köçürüb.

Qeyd edək ki, Gürcüstanın dərin özüllü Anaklia limanının tikintisi ilə bağlı uzun müddət davam edən danışıqlardan sonra bu limanın tikintisində fasilə yaranıb.

Poti limanlar şəbəkəsinin rəhbərliyi ölkədə yeni dərin özüllü limanın tikintisinə ehtiyac olmadığını, əvəzində Poti limanının yenidən qurulmasının daha məqsədəuyğun olduğunu bildirmişdi. Əvvəlcə bu təklif qəbul olunsa da, keçən ilin mayında Gürcüstan hökumətinin qərarı ilə Poti şəhərində yeni limanın inşası ilə bağlı müvafiq icazə ləğv olunmuşdu.

Hökumət yenidən Poti limanının tikintisinə icazə verib.