Fransada tarixdə ilk dəfə 3D printer texnologiyasının köməyi ilə çap olunan ev ölkənin qərbində yerləşən Nant şəhərində istifadəyə verilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bina tikintisi sahəsindəki bu innovativ layihə “Yhnova” adlandırılıb. Onun dünya miqyaslı unikal texnologiya olduğu iddia edilir. Botyer məhəlləsindəki ev bir ədəd 3D printer vasitəsilə tikilib. İki operator tərəfindən idarə olunan memar-robot sahəsi 95 kvadratmetr olan binanın divarlarını 54 saata inşa edib.

Futuristik dizayna malik birmərtəbəli ev 5 otaqdan ibarətdir və havanın temperaturunu, rütubət dərəcəsini, təzyiqini qeydə alan ötürücülərlə təchiz olunub. Mühəndislər bu yolla ətraf mühitin konstruksiyaya təsirini izləyə biləcək.