Dubayda 22.5 metr və ya bir mənzil enində göydələn tikməyi planlaşdırırlar.

Bu barədə “Dezeen” məlumat verib.

Göydələn layihəsini Pritsker memarlıq mükafatının qalibi olan İspaniyanın “RCR Arquitectes” memarlıq bürosu hazırlayıb. Qüllə “Muraba Vei” adlanacaq və 73 mərtəbədən ibarət olacaq. Binanın hündürlüyü 380 metr, lakin göydələnin özəlliyi onun ensiz – 22.5 metr və ya bir mənzilin eninə bərabər olması olacaq.

Komanda tərəfindən göydələnin qeyri-adi ensiz forması insanların diqqətini cəlb etmək üçün nəzərdə tutulub.

Qüllədə mənzillərdən başqa binanın yaxınlığında kurort, restoran, rəsm qalereyası, konfrans zalları, kinoteatr və qum təpəsinə bənzəyən ictimai məkan yerləşəcək.

Hazırda dünyanın ən nazik göydələni Nyu-Yorkdakı “Steinway Tower” hesab olunur. Onun bünövrəsinin eni təxminən 18 metrdir, hündürlüyü isə 435 metrə çatır.

Qeyd edək ki, dünyanın ən hündür yaşayış binası Braziliyanın Balneariu Kamboriu şəhərində tikiləcək. Tikinti layihəsi yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənib. “Triumph Tower” adlı qüllənin hündürlüyü 544 metr, Nyu-Yorkdakı ən hündür yaşayış binası olan “Central Park Tower”dən 72 metr çox olacaq.

MƏNBƏOXU.AZ