Dubay “Burc əl-Ərəb” otelinin yaxınlığında iki süni adada 6,3 milyard dirhəm (1,7 milyard dollar) dəyərində kurort yaratmaq barədə planını açıqlayıb.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, yeni yaradılacaq və “Marsa əl-Ərəb” (Ərəb estakadası) adlandırılacaq kurort sayəsində Dubayı hər il ziyarət edən turistlərin sayını 20 milyon nəfərə çatdırmaq planlaşdırılır.

40 min kvadratkilometr sahəni əhatə edəcək “Marsa əl-Ərəb”də 140 bahalı villa ilə yanaşı, müxtəlif attraksionlar, yaxtalar və katerlər üçün özəl liman yerləşəcək. “Marsa əl-Ərəb” layihəsinin icrasına bu ilin iyun ayında başlanılacağı və 2020-ci ilə tamamlanacağı gözlənilir.

Dubay hazırda dünyanın məşhur turizm mərkəzlərindən olsa da, son dövrlər dolların məzənnəsinin möhkəmlənməsi bu ölkəyə turist axınını zəiflədib. Bu da turistlər üçün otel qiymətlərinin, ticarət mərkəzlərinin və “Emirates” aviaşirkətinin tariflərini bahalaşdırıb. Buna baxmayaraq, birinci rübdə Dubayı 4,6 milyon nəfər turist ziyarət edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.