Dünyanın ən hündür tikilisi olan Dubaydakı “Bürc-Xəlifə”nin üzərində koronavirus pandemiyası şəraitində köməyə ehtiyacı olan 1,2 milyon insana ərzaq yardımı çatdırmaq üçün yaradılan humanitar fonda dəstək məqsədilə 1,2 milyon işıq yandırılacaq. Mayın 11-də binanın üzərində ilk 180 min işıq yandırılıb.

AZƏRTAC xəbər verir ki, donor qismində 110 ölkədən fərdi xeyriyyəçilər və şirkətlər çıxış edirlər. Qeyd olunub ki, bu humanitar təşəbbüs müqəddəs Ramazan ayı münasibətilə Məhəmməd bin Rəşid Əl- Məktum Qlobal Fondu tərəfindən irəli sürülüb. Fondun icraçı direktoru Muna Əlkindi “Emirates” informasiya agentliyinə müsahibəsində bildirib ki, bu xeyirxah təşəbbüs Birləşmiş Ərəb Əmirliklərinin COVID-19 pandemiyası ilə qlobal mübarizəyə bir töhfəsidir. Aksiyada dünyanın məşhur şirkətləri “Amazon”, “McDonalds”, “Burger King”, Texas Chicken”, “Viza”, “Tristar Group” və başqaları iştirak edir.

Bu aksiya “Bürc-Xəlifə”nin koronavirus pandemiyası ilə mübarizədə nümayiş etdirdiyi ikinci təşəbbüsdür. Hələ martın 25-də dünyanın ən hündür tikilisi ilk dəfə “Evdə qal” kampaniyasına start vermişdi.