İtaliyanın Sambuka di Siciliya şəhərində əhali o qədər azalıb ki, meriya evləri, demək olar, havayı satmaq qərarına gəlib.

FED.az xəbər verir ki, cəmi 1 avro (1 manat 90 qəpik) xərcləməklə Siciliyada ev sahibi olmaq mümkündür. Şəhər əhalisi sürətlə azalır. Təkcə son bir il ərzində şəhər qeydiyyatından 367 nəfər çıxıb. İndi Sambuka di Siciliyada təxminən 5800 nəfər yaşayır.

Şəhər rəhbərliyi bu aksiya sayəsində əhali sayının artacağına ümid edir. Müştərilər də az deyil. Fransadan, İsveçrədən, İspaniyadan bu kiçik şəhərə ev almağa gəlirlər. Şəhərin vitse-prezidenti Cüzeppe Kaçioppo elana şübhə ilə yanaşanların sayının az olmadığını deyir: “Amma biz gerçəkdən də bir avroya ev satırıq”. Kaçioppo şəhəri çox sakit, su hövzəsi kənarında istirahət üçün xeyli uyğun yer adlandırıb.

Amma şəhər rəhbərliyinin bir şərti də var: üç il ərzində evin təmirinə azı 15 min avro xərcləmək lazımdır. Meriyanın məqsədi həm əhali sayının azalmasının qarşısını almaq, həm də ümumi vizual gözəllik yaratmaqdır. Bundan başqa, ev alarkən 5 min avro depozit qoymaq tələb olunur. Həmin pul təmir bitən kimi geri qaytarılır. Bir il əvvəl İtaliyanın Sardiniya adasında 1 avroya evlər satılırdı. Ollolai şəhərində 200 ev satışa çıxarılmışdı.