2000-ci ildən başlayaraq Belçikada mənzil və kirayə haqqı 300 faiz artıb və hökumətin daşınmaz əmlak bazarında vəziyyəti bu duruma gətirib çıxarmış xəttinin dəyişəcəyi isə ehtimal olunmur. Bununla belə, bu cür siyasətin təşviş doğuran nəticələri artıq indinin özündə ekspertləri narahat edir.

AZƏRTAC xəbər verir ki, öz mənzilinə sahib olmaq hər bir belçikalının az qala müqəddəs məqsədi, ən böyük hədəfidir. İlk mənzilini alan belçikalı üçün nəzərdə tutulan vergi güzəştləri onun maliyyə yükünü azaldır. Belçikalıların nə üçün daşınmaz əmlaka bu qədər sərmayə yatırmaları isə dövlətin fiskal siyasəti ilə bağlıdır. Daşınmaz əmlakın kapitallaşdırılması sabitdir, icarə gəlirindən tutulan vergi cüzidir. Buna görə də ölkə sakinləri daim mənzil, ev və torpağa sərmayə yatırırlar.

Bundan əlavə, belçikalılar maliyyə məsələlərində yetərincə mühafizəkardırlar. Onlar dünyanın ən “yığımcıl” xalqı sayılır. Hətta deyilənə görə, ölkədə ümumən 260 milyard avroya qədər vəsait “döşəklərin altında” gizlədilib.

İndiki hökumətin digər sahələrə investisiya yatırımını stimullaşdırmaq səylərinə baxmayaraq, orta belçikalı yalnız daşınmaz əmlakın “gücünə” inanır. Belçikalı bu məsələ ilə bağlı sizə təqribən bu sözləri deyər: “Mən yalnız kərpicləri və torpağı görürəm, səhm və istiqrazlar isə mənlik deyil”.

2000-ci illərin əvvəllərində birjanın çökməsinin nəticələri hamıya məlumdur. O vaxtdan etibarən növbəti iflasdan və əmanətlərinin itirilməsindən ehtiyat edən investorlar daha qeyri-sabit fond bazarına deyil, daşınmaz əmlak bazarına sərmayə yatırırlar. Kreditləşməyə dair əlverişsiz şərtlər mənzil satınalmalarının kəskin artmasına gətirib çıxarıb. 2008-ci ildə ABŞ-da ipoteka bazarı çöküb, daha sonra Avropa İttifaqına təsir göstərib. Bütün dünyada mənzillərin qiymətləri kəskin ucuzlaşıb. Yalnız Belçika istisna təşkil edib. Burada mənzillərin qiyməti nəinki ucuzlaşmayıb, hətta bahalaşmağa başlayıb.

Bununla belə, hazırda Belçikada daşınmaz əmlak öz qiymətinə görə bütün Avropa üzrə ən şişirdilmiş hesab edilir. İnflyasiya artaraq 56 faizə çatıb. Bu əndişələrə baxmayaraq, daşınmaz əmlak bazarında qiymətlər əvvəlki kimi artır.

Bu “sabun qovuğunun” nə vaxtsa partlayıb-partlamayacağını isə zaman göstərər. Axı başqalarından kirayə etməmək üçün hər kəs öz mənzilini alsa, onda başqaları tərəfindən alınmış mənzili kim kirayə edəcək?