Avstraliyanın Viktoriya ştatında boş saxlanılan əmlaka görə vergi tətbiq olunması nəzərdə tutulub.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, ştatın hakimiyyət dairələri investorları altı aydan artıq boş qalan evlər üçün vergi ödəməyə məcbur etmək istəyir. Verginin məbləği əmlakın dəyərinin 1 faizi məbləğində olacaq. Məsələn, 500 min dollar dəyərində əmlak üçün illik vergi məbləği 5 min dollar təşkil edəcək.

Son illərdə Avstraliyada xarici investorlar tərəfindən daşınmaz əmlak almağa güclü maraq oyanıb. Problem isə bundadır ki, böyük şəhərlərdə xarici sərmayəçilərin aldıqları mənzillər və evlər boş saxlanılır. Təkcə Melburn şəhərində boş mənzillərin sayı 20 mindən artıqdır. Ölkə hakimiyyəti ehtiyatlanır ki, gələcəkdə Avstraliya şəhərləri də Londonun gününə düşə bilər. İndi Londonda evlərin qiyməti “ceyran belində” olsa da, şəhərdə yaşayış olmayan kimsəsiz küçələr mövcuddur, həmin küçələrdəki xarici sərmayəçilərə satılmış evlərdə heç kim yaşamır. Bundan isə ilk növbədə alıcılardan və müştərilərdən məhrum olan kiçik və orta biznes zərər görür.