ABŞ-ın “Formworks Buildings Inc” memarlıq kompaniyası ekoloji cəhətdən təmiz evin layihəsini hazırlayıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, layihəyə görə, 2 mərtəbəli qeyri-adi evin arxa divarları yoxdur və tamamilə torpağın içərisindədir.

Memarların fikrincə, enerji effektivliyinə malik bina istənilən havaya dözümlüdür. Yuxarıdan 1 metrlik, yanlardan isə 7,5 metr torpaq qatı ilə örtülmüş ev gözəl izolyasiyanı təmin edir. 300 kvadratmetr sahəyə malik evdə 3 yataq və qonaq otağı, vanna otağı, mətbəx və yardımçı otaqlar var.

İstiliyə görə aylıq ödəniş 150 dollardır ki, bu da digər evlərlə müqayisədə 90 faiz azdır.

Belə evlərdə qışda isti, yayda isə sərin olur.