Luvr Muzeyinin dünyada ilk dəfə başqa bir ölkədə – Birləşmiş Ərəb Əmirliklərində filialı Luvr Abu-Dabi noyabrın 11-də qapılarını ilk qonaqlarının üzünə açıb. AZƏRTAC xəbər verir ki, çoxlarının intizarla gözlədiyi açılış günü arxitektor Jan Nuvelin memarlıq möcüzələri və unikal ekspozisiyaları ilə birincilər sırasında tanış olmaq üçün minlərlə adam muzeyə axışıb.

Luvr Abu-Dabi Muzeyinin direktoru Manuel Rabate deyib: “Luvr Abu-Dabi regionda analoqu olmayan və XXI əsrin memarlıq incilərinin birində yerləşdirilmiş müstəsna incəsənət əsərlərindən və artefaktlardan ibarət kolleksiya təqdim edir. Luvr Abu-Dabinin açılışı həqiqətən xüsusi hadisədir. Bu gün bu bina muzeyə çevrilib”.

Luvr Abu-Dabidə yerləşən uşaq muzeyi də ilk müsafirlərini qəbul edib, uşaqlar və onların valideynləri üçün kulturoloji ustad dərsləri və tematik ekskursiyalar təşkil edilib. Luvr Abu-Dabinin açılışı münasibətilə bayram tədbirləri noyabrın 14-dək davam edib və muzeyə gələnlər üçün maraqlı əyləncəli proqramla müşayiət olunub. BƏƏ-Fransa mədəniyyət proqramının bir hissəsi kimi, burada “Groupe F” işıq sousu, habelə “Lucinda Childs” və “Lemi Ponifasio” rəqs şouları, ənənəvi ayyala rəqsləri təşkil ediləcək, rəssam Hind Mezainanın video-installyasiyaları, digər musiqili və bədii çıxışlar təqdim ediləcək.

Qeyd edək ki, Luvr Abu-Dabi Pritsker mükafatının qalibi, BƏƏ paytaxtında muzey kompleksi üçün həqiqətən unikal dizayn yaratmış arxitektor Jan Nuvel tərəfindən layihələndirilib. Luvr Abu-Dabi “şəhər-muzeyi” orijinal “gümüşü “günbəz altında yerləşən qədim Mədinə şəhərini xatırladır. Günbəzin özü səkkiz müstəvidə fərqli ölçüdə və müxtəlif bucaqlar altında düzəldilmiş 7850 ədəd mürəkkəb həndəsi ulduzdan ibarətdir və bu da günbəzə zərif krujeva forması verir. Günbəzdən süzülüb keçən günəş şüalarının yaratdığı ecazkar “işıq seli” daim oynaşan işıq və kölgəni xatırladır və palma yarpaqlarından olan ənənəvi dam örtüklərini yada salır.

Luvr Abu-Dabidə qalereyalardan və 270 adamlıq auditoriyadan başqa bir neçə sərgi məkanına, uşaq muzeyinə, mağazalara və kafeyə getmək olar.

Luvr Abu-Dabiyə əsas biletlərin qiyməti 16 dollar, 13-22 yaşlı cavanlar və təhsil strukturlarının nümayəndələri üçün 8 dollardır. Muzeyin loyallıq proqramının nümayəndələri, 13 yaşına qədər uşaqlar, ICO Mili ICO MOS üzvləri, KİV təmsilçiləri və fiziki imkanları məhdud olan şəxslər (BƏƏ rezidentləri) üçün muzeyə pulsuz giriş təşkil oluna bilər.