Facebook 2020-ci ildə öz müştərilərinə qlobal yüksək texnologiyalı valyuta və infrastruktur təklif edəcəyini bəyan etdi.
FED.az xəbər verir ki, Libra adlanan yeni valyuta dünyanın müxtəlif regionlarında yaşayan insanların pul və maliyyə sistemlərinə sərfəli və asan çıxışını təmin edəcəyini iddia edilir. Facebook Libranı təqdim etdikdən sonra maliyyə sektoru və xüsusilə kriptovalyuta cəmiyyətində yeni bir canlanma müşahidə olunmaqdadır. Bu xəbər özünü kriptovalyuta bazarında qiymətlərinin yüksəlməsində də öz təsiri göstərdi. Başda ABŞ olmaqla dünya dövlətlərinin maliyyə qurumları və beynəlxalq maliyyə təşkilatları Libra ilə bağlı öz narahatlıqlarını bildirdilər. Səbəb isə bəllidir: dünyanın maliyyə və pul-kredit siyasətini dəyişə biləcək yeni və fərqli maliyyə alətinin meydana gəlməsidir.

Libra əslində mahiyyət etibarı ilə faydalı və sərfəli bir layihə ola bilər, çünki maliyyə sektorunda rəqabət daha yaxşı məhsulların ortaya çıxmasını və aşağı qiymətləri stimullaşdırır. Bununla belə hazırda kütləvi informasiya vasitələrində Libra-nı kriptovalyutalar, xüsuilə bitcoin ilə müqayisə edildiyini, oxşar və fərqli xüsusiyyətlərinin araşdırıldığının şahidi oluruq.

Bəs Libra və bitcoin arasında əsas fərqlər nədən ibarətdir?

Libra bitcoin ilə bir neçə əsas faktor (idarəetmə prinsipi, aktivlərlə təmin olunma, say, qiymət və s.) üzrə fərqlənir. Bitcoin dünyanının ilk kriptovalyutasıdır və şəbəkəsində hər bir əməliyyat şifrələnməyə əsaslanır. Bu səbəbdən şəbəkəni sındırmaq demək olar ki, mümkün deyil. Şəbəkə üzrə istifadəçilərin bütün əməliyyatları onlayn yenilənən paylanılmış reyetsrdə qeydə alınır və şəbəkə heç bir qurum tərəfindən idarə edilmir. Librada isə bu proses tamam fərqlidir.  Libra kriptovalyuta deyil – korporativ şirkətlərin bir sövdələşməsidir. Daha aydın izah etsəm – Libra, yalnız  xüsusi seçilmiş tərəfdaş şitkətlərdən (Facebook, Mastercard, PayPal, Visa, eBay, Uber, Spotify, Vodafone, Coinbase, Xapo) ibarət olan – Libra Association tərəfindən idarə edilən layihədir. Bitcoin şəbəkəsindən fərqli olaraq Libra Association istifadəçilərin bütün əməliyyatları üzrə idarəetmə və nəzarət mexanizmini özündə saxlayır. Bu o deməkdir ki, Libra Association bəyənmədiyi əməliyyatı ləğv edə və istənilən istifadəçini “qara” siyahıya sala bilər, həmçinin istifadəçilərin maliyyə məlumatlarına (istifadəçi kimə, nə qədər, nə zaman və nə üçün) sahibdir. Facebook-un son zamanda istifadəçi məlumatlarının sızdırılması ilə bağlı mənfi reputasiyası nəzərə alsaq sual yaranır ki, insanlar öz pullarının facebooka etibar edəcəklərmi!?!

Libra Association şirkətlərə minimum 10 mln dollar olan üzvlük haqqı müyyən edib. Bunun əvəzində şirkətlər Libra Reserve-dən əməliyyatlar üzrə dividendlər alacaqlar. Libra Reserve isə dollar, avro və digər maliyyə aktivləri ilə təmin ediləcək. Mahiyyət etibarı ilə bu korporativ formada olan mərkəzi bank funksiyasını yerinə yetirəcək. “Korporativ bank”-ın aktivləri Libranın stabil dəyərini təmin edəcək. Nəticədə Libra özü aktiv deyil, yalnız digər aktivlərlə təmin edilir. Bitcoin isə özü aktivdi (rəqəmsal aktiv olsa belə) və heç bir digər maliyyə aktivi ilə təmin edilmir.

Bitcoin və Libra-nı fəqrləndirən əsas faktorlardan biri də odur ki, bitcoin sayı (21 milyon) limitlidir və istənilən şəxs şəbəkəyə qoşulmaqla bu kriptovalyutanı mayninq edə bilər.

Həmçinin Bitcoin-in qiyməti volatildir (dəyişkən) və bazarda olan tələb-təklif amilinə əsaslanır. Libranın sayı yalnız Libra Association tərəfindən müyyən edilir, qiymət isə stabil olacaq. Bitcoin şəbəkəsinin 10 illik bir tarixi var. Bu şəbəkəni nəzarətə almaq üçün cəhdlər olsa da uğursuzluqla nəticələnib və şəbəkə dəfələrlə sınaqdan keçirilib. Libra layihəsi isə hazırda ilkin inkişaf mərhələsindədir və buraxılması 2020-ci ilin birinci rübünə planlaşdırılır. Lakin hesab edirəm ki, hazırda maliyyə tənzimləyicilərinin Facebook-a ciddi təzyiqi onu göstərir ki, böyük ehtimal ilə Libranın buraxılması vaxtı təxirə salınacaq.

Nəticə: Libra kriptovalyuta deyil, dövlətlərin pul buraxılışı monopoliyasına alternativ kimi yaranan valyutanın yeni bir növüdür. Libranı həmçinin Facebook-un qlobal ödəniş xidmətləri bazarında mənfəət əldə etmək cəhdi kimi də dəyərləndirmək olar. Bu səbəbdən Libra bitcoin üçün rəqib deyil. Əsas rəqib banklardır! Çünki bankların müştəriləri vəsaitlərinə qənaət etmək üçün Libra-dan istifadə edəcəkləri ehtimalı yüksəkdir və istisna deyil ki, layihə başlandıqda müəyyən müddət sonra Facebook hətta qısamüddətli kreditlər də verməyə başlasın. Nəzərə alsaq ki, hazırda dünya valyutası rolunu dollar oynayır Libra layihəsinin həyata keçməsi üçün əsas narahat olan – ABŞ Federal Ehtiyatlar Sistemidir. ABŞ rəsmi şəxsləri Libradan o qədər narahat olublar ki, hətta bitcoin onlar üçün daha cazibədar olmağa başlayıb. Buna sübut kimi ABŞ senatorları Patrick McHenry, Ron Paul, Kevin McCarthy və digərlərinin bitcoin haqqında müsbət açıqlamlarını göstərmək olar.

Müəlli: Elnur Quliyev