Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqlara dövlət nəzarəti başlanandan sonra bu sahədə çoxsaylı pozuntular aşkarlanıb. Bu barədə Fins.az-a ƏMDK-dən bildirilib. Qeyd edək ki, prezident İlham Əliyevin fərmanı ilə ƏMDK-nin yeni əsasnaməsi təsdiqlənib və komitəyə torpaqlardan istifadəyə nəzarətlə bağlı əlaavə səlahiyyətlər verilib. Bu sahədə başlanan ilk nəzarət tədbirləri nəticələrini verməyə başlayıb.
2200-ə yaxın torpaq pozuntusu aşkarlanıb
ƏMDK-dan verilən məlumata görə, torpaqlara nəzarət məqsədilə torpaq müfəttişləri Bakıda və ölkənin regionlarında reydlərə başlayıblar. Reydlər nəticəsində qısa müddətdə 2200-ə yaxın ciddi pozuntu aşkar edilib. Bura dövlət torpaqlarından təyinatına uyğun olmayn istifadə mühafizə ərazilərində qanunsuz tikinti işlərinin işlərinin aparılması, dövlət torpaqlarının zəbti və sair hallar aiddir.
Məhkəmə iddiaları qaldırılıb
Aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı ciddi tədbirlərə start verilibö Komitənin məlumatına görə, pozuntuya yol verən şəxslərə qarşı onlarda protokol tərtib edilib, cərimələr təyin edilib. Daha ciddi pozuntular barədə isə məhkəmələrdə iddialar qaldırılıb. Bu iddiaların bir hissəsi dövlət torpaqlarının icarəsi ilə bağlı pozuntulara yol verən şəxslərin müqavilələrinə yenidən baxılması və ya ümumiyyətlə ləğv edilməsinə aiddir.
Torpaq məsələsi açıq müzakirəyə çıxarılacaq
Torpaqlardan istifadə sahəsində aşkar edilən pozuntular, onların səbəbləri və görülən tədbirlər sabah, avqustun 14-də ƏMDK tərəfindən təşkil edilən İşgüzar Forumda müzakirə ediləcək. Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Bakı şəhəri və rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, Bakının rayonlarının bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak edəcəklər. Torpaqlara dövlət nəzarəti tədbirləri, burada aşkar edilən pozuntular və görülən tədbirlər mətbuatın və ictimaiyyətin iştirakı ilə geniş müzakirə olunacaq.