Xarici ölkə vətəndaşları Azərbaycanın daşınmaz əmlak bazarını qiymətləndirməyə başlayıblar. Ölkədə əcnəbilərə məxsus əmlakların sayı sürətlə artmaqdadır. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatına görə, 2014-cü ildə Azərbayanda xarici ölkə vətəndaşlarına məxsus olan əmlakların sayı kəskin artaraq 2 850-yə çatıb. Bu 2013-cü illə müqayisədə 53% çoxdur. Ümumilikdə, son 3 ildə ölkəmizdə xaricilərə məxsus olan əmlakların sayı 2 dəfədən çox artıb.
Region bazarı xariciləri cəlb edir
Maraqlıdır ki, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı artıq Bakı deyil, regionlardır. Getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Ötən il xaricilərə məxsus olan 2 850 əmlakdan 1812-si və ya hər 3 əmlakdan 2-si regionların payına düşüb.
Hansı regionlar daha maraqlıdır?
Xaricilər ən çox cənub, Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarından əmlak almağa üstünlük verirlər. Belə ki, əcnəbilərə məxsus olan əmlaklarına sayına görə, Bakıdan sonrakı yeri Cəlilabad, Lənkəran və Xaçmaz rayonları tutur. Gəncədə xaricilərə məxsus əmlakların sayı 120, Sumqayıtda 112 olub. Belə əmlakların sayı Şirvanda 9 dəfə, Şamaxıda 6 dəfə, Gəncə və Bərdədə isə təqribən 5 dəfə yüksəlib.
Mənzil, yoxsa torpaq sahəsi
Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlakların növündə də dəyişiklik var. Belə ki, bir il əvvələ qədər ölkəmizdə xaricilərə məxsus ən çox əmlak mənzillər olduğu halda, hazırda torpaq sahələri daha böyük yer tutur. Əcnəbilərə məxsus olan əmlakların 1 275-i və ya təqribən 45%-i məhz torpaq sahələridir. Sonrakı yerləri mənzillər (təqribən 40%) və fərdi evlər (14%) tutur.
Mənzillərin böyük hissəsi – 920-si Bakıdadır. Paytaxtdan başqa, xaricilərin ən çox mənzil aldığı bölgələr Sumqayıt, Gəncə və Xaçmazdır. Xaricilərə məxsus torpaq sahələrinin isə böyük hissəsi – 351-i Cəlilabaddadır. Sonrakı yerləri Lənkəran, Şəmkir və Şirvan tutur.
Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Bakıda alıblar – 71 ev. Fərdi evlərin sayına görə, sonrakı yeri Quba-Xaçmaz (59 ev) və Zaqatala-Balakən (40 ev) zonaları tutur. Kommersiya obyektlərinə gəlincə, xaricilərə məxsus qeyri-yaşayış sahələrinin böyük hissəsi – 26 əmlaklan 24-ü Bakıda yerləşir.
Azərbaycanda xaricilərə məxsus əmlakların sayı (2011-2014)
İllər | 2011 | 2012 | 2013 | 2014 |
Əmlak sayı | 1 265 | 1 501 | 1 854 | 2 850 |
2014-cü ildə Azərbaycanda xaricilərə məxsus əmlakların əmlak növləri üzrə bölgüsü
Əmlak növü | Sayı |
Mənzil | 1 125 |
Fərdi-yaşayış evi | 400 |
Torpaq | 1 275 |
Qeyri-yaşayış sahəsi | 26 |
Bağ evi | 5 |
Qeyri-yaşayış binası | 12 |
Əmlak kompleksi | 7 |
Cəmi | 2 850 |