Dünəndən etibarən icbari avtomobil sığortası üzrə yeni sistemə keçid baş verdi. FED.az xəbər verir ki, yeni sistem bazarda şəffaflığı təmin etmək məqsədi daşıyır və demək olar ki, sığorta agentlərinin “gizli şahlıq dövrü”nə son qoydu.

 

Agentlər izlənəcək

Beləliklə, sığorta bazarındakı 800 lisenziyalı və 5 minə yaxın isə lisenziyasız agentin kimə, necə müqavilə hazırlaması, sonradan hansısa düzəlişlər etməsi artıq sistem vasitəsilə izlənəcək və bütün məlumatlar tam şəffaf şəkildə görünəcək.

Azərbaycan Sığortaçılar Asossiasiyasının (ASA) sədri Mustafa Abbasbəylinin sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, əvvəllər agentlər nəzarətdə deyildi və istənilən şəxs sığorta şirkətindən sığorta yazmaq üçün link alıb onun əsasında sığorta müqaviləsi buraxa bilirdi. Yeni dəyişiklikdən sonra isə agentlər yalnız elektron imza və ya “Asan imza” vasitəsilə sığorta müqaviləsi buraxa bilər. Qeyd edək ki, sistemə giriş isə İSB tərəfindən autentifikasiya olunacaq. Autentifikasiya isə subyekt tərəfindən təqdim edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin yoxlanması prosesidir.
Bu,  bazara nə verəcək?

İlk növbədə şəffaflıq gətirəcək. Çünki müqaviləni sistemə daxil edən son istifadəçi bilinəcək. Onun tərəfindən hər hansı bir qeyri-qanuni hərəkət baş versə, saxtalaşdırma halı qeydə alındıqda bunun kim tərəfindən edilməsi heç kimə sirr qalmayacaq. M.Abbasbəyli müqayisə də apardı: “Əvvəllər tutaq ki, hər hansı bir sığorta agenti sığorta müqaviləsinə istədiyi dəyişikliyi edə bilirdi, bunu sonra müəyyən etmək çətin idi, çünki nəzarət sistemi yox idi. Yeni sistem isə buna imkan verməyəcək. Kimin nə iş gördüyü tam şəffaf şəkildə görünəcək”.

 

Şikayətlər çox idi

Sonradan sığorta müqaviləsinə dəyişiklik edilməsi isə nəticədə sığortaolunanın hüquqlarının pozulmasına səbəb olurdu. M.Abbasbəylinin sözlərinə görə, bununla bağlı şikayətlər çox idi və sığorta müqavilələrinə müdaxilələrin necə baş verdiyini, kim tərəfindən edildiyini ortaya çıxartmaq mümkün olmurdu. İndi bunun qarşısı tam alınacaq.

 

Mühərrikin həcmi azaldılırdı

Yeni sistemin üstünlüklərindən biri də budur ki, əvvəllər nəqliyyat vasitəsi haqqında məlumatlar sistemə əllə daxil edilirdi. Bu zaman məlumatlarda təhrifetmək imkanı vardı. Mühərrikin həcminin azaldılması, nəqliyyat vasitəsinin növünün dəyişdirilməsi və s. hallar baş verə bilirdi. Yeni sistemə isə məlumatların əllə daxil edilməsinə son qoyulub. Bütün məlumatlar Dövlət Yol polisinin onlayn bazasından götürülür və müdaxilə imkanı yoxdur. Bu isə müqavilələrin düzgün şəkildə tərtib edilməsinə imkan verəcək və bu, bazar üçün çox önəmlidir.

 

Agentlər üzə çıxacaq

Beləliklə, yeni sistemdən sonra agentlər də “üzə çıxacaq”.

ASA sədri hesab edir ki, artıq kim gəldi sistemdə sığorta müqaviləsi hazırlayıb buraxa bilməyəcək. Yalnız bu fəaliyyət növü üçün lisenziyası olan şəxslər və yalnız sığorta şirkətləri ilə əmək müqaviləsi olan agentlər işləyə biləcəklər. Digər hallarda heç kim bu səlahiyyəti əldə edə bilməyəcək.
Yeni sistem 5 min rəqəmini azaldacaq

Hazırda lisenziyalı agentlərin sayı 800-ə yaxındır. Qeyri-rəsmi məlumatlara görə, bazarda 5 minə yaxın bu sahədə çalışan insanlar vardı. M.Abbasbəyli: “Təbii ki, yeni sistem 5 min rəqəmini bir qədər azaldacaq. Həmin insanlar ya lisenziya alacaqlar, ya da rəsmi əmək müqaviləsi çərçivəsində bu işlə məşğul ola biləcəklər”.

 

Qiyməti 200 manatdır

Lisenziyanın qiymətinə gəlicə, qeyd edək ki, bu o qədər də baha deyil. İstənilən şəxs dövlət büdcəsinə cəmi 200 manat ödəməklə, müddətsiz agent fəaliyyəti üzrə lisenziya ala bilər.

Yeni sistem həmçinin mobil tətbiq vasitəsilə sığorta şirkətlərinin və vasitəçilərinin ixtiyarına verilmişdir ki, bunun da vasitəsilə onlar daha öz müştəriləri olan sığortalılara daha çevik xidmət göstərə biləcəklər.