Dubay Yaxın Şərq və Afrika regionunda mehmanxana nömrələri tikintisinin surətinə görə ən yüksək göstəricilərə nail olub. Əmirlikdə çıxan “Arabian Business” nəşri bu məlumatı STR analitik şirkətinin “Pipeline Report” adlı son hesabatına istinadla yayıb.

AZƏRTAC xəbər verir ki, hazırda Əmirlikdə 95 layihə üzrə 29.226 mehmanxana nömrəsi planlaşdırma və tikintinin müxtəlif mərhələlərindədir. Müqayisə üçün qeyd edək ki, Abu-Dabidə 12 layihədə 4124 nömrə, Ər-Riyadda 29 layihədə 6.349 nömrə, Dohada isə 38 layihədə 8.878 nömrə tikilir. Hesabatda yalnız tikilməsi təsdiqlənmiş obyektlər təhlil olunub.

2016-cı ilin oktyabr ayına aid göstəricilərlə müqayisədə Yaxın Şərqdə mehmanxana nömrələri tikintisinin sürəti 5,1 faiz artıb. Bütövlükdə bu regionda 314 layihə üzrə 99.790 mehmanxana nömrəsi inşa edilir.