Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup tərəfindən Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində Rusiya Kənd Təsərrüfatı Nazirliyiyanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə Azərbaycanın daha 6 müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.

 

Beləliklə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb. Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.