Çinli turistlər ötən il ABŞ-a səfər edən əcnəbi turistlərin sərf etdikləri maliyyə vəsaitinə görə birinci yerdə olub. Belə ki, 2016-cı ildə 2,97 milyon çinli Birləşmiş Ştatlara səfər edərək ümumilikdə 33 milyard dollar pul xərcləyiblər. Orta hesabla çinli turistlər ABŞ iqtisadiyyatına hər gün 90 milyon dollar xeyir veriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “China Daily” qəzeti ABŞ Kommersiya Departamentinin hesabatına istinadla məlumat yayıb. Bildirilir ki, ötən il ABŞ-a səfər edən çinlilərin sayı əvvəlki illə müqayisədə 15 faiz, onların sərf etdikləri vəsait isə 9 faiz çoxalıb. Birləşmiş Ştatlara səfər edən çinlilərin sayı son 13 ildir artır.
Hesabatda qeyd olunur ki, ötən il biznes, səhiyyə, təhsil və istirahət məqsədilə 75,6 milyon xarici turist ABŞ-a səfər edərək ümumilikdə 244,7 milyard dollar pul xərcləyiblər.