Rusiyada miqrantların sayı azalıb və onlar indi daha çox leqal əməklə məşğul olur və yerli sakinlərin tənəli baxışlarına az rast gəlirlər.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyada yaşayan əcnəbilər arasında ən çox qazanan azərbaycanlılardır.
Bu ilin fevral-mart aylarında Ali İqtisad Məktəbinin sifarişi ilə Etnosiyasi və Regional Tədqiqatlar Mərkəzinin MDB ölkələrini və Gürcüstanı təmsil edən miqrantlar arasında keçirdiyi sorğu göstərib ki, gəlmələrin 70%-dən çoxu Rusiyada tam qanuni əsaslarla çalışır.
Məlum olub ki, Azərbaycandan və Rusiyanın müxtəlif bölgələrindən olan əmək miqrantlarının orta aylıq əməkhaqqı təxminən 36 min rubl (1000 manat) təşkil edir. Müqayisə üçün deyək ki, Ermənistandan gələnlər ayda orta hesabla 31 min rubl qazanırlar.
Azərbaycanlılardan çox yalnız Belarusdan gələnlər qazanır. Lakin burada bir incə məqam var – Belarus Rusiya ilə ittifaq dövlətidir və həmin ölkədən gələnlər arasında qeyri-leqal miqrant ola bilməz. Belarus əsilli əmək miqrantlarının orta aylıq əməkhaqqı 41 min rubldur.
Gürcüstanla Rusiyanın münasibətləri nə qədər yaxşı olmasa da, həmin ölkədən olan miqrantlar da Rusiyada az qazanmır. Leqal əməklə məşğul olan gürcülər təxminən elə azərbaycanlılar qədər – 36 min rubl məvacib alır.
Keçmiş SSRİ-nin yerdə qalan respublikalarını təmsil edən miqrantlar, xüsusilə Mərkəzi Asiya ölkələrinin nümayəndələri daha az qazanırlar. Bütün miqrantların orta aylıq əməkhaqqı isə 30 min rubldur.
Daha bir maraqlı nüans: əmək miqrantlarından Rusiyada həmişəlik qalmağı istəyib-istəmədiklərini soruşublar. Bu mənada şəksiz lider Ermənistandan gəlmələrdir – miqrantların 72,1%-i Rusiyada qalmaq arzusunda olduğunu bildirib. Azərbaycanlılar arasında həmin göstərici 58,1%-ə bərabərdir.
İQTİSADİYYAT XƏBƏRLƏRİ
Rusiyada ən çox qazanan azərbaycanlılardır
Tarix: 15.08.17 [11:25]
Oxunub: 34