Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz WiFi xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500.000) ötüb.

İKT.lent.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, pulsuz WiFi xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub. Bu gün “Baktelecom” şanslı istifadəçini mükafatlandırıb.

Qeyd edək ki, ötən həftədən “Pulsuz WiFi”ın sosial şəbəkədəki səhifəsində start verilən “500.000-ci ol, hədiyyəni apar” sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.

“İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib. Yaxın vaxtlarda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz WiFi xidmətinin əhatə zonasına daxil ediləcək.