“Samsung C-Lab” şirkəti “Sgnl” saatları üçün barmağı qulağa yaxınlaşdırmaqla səsli rabitədən istifadəyə imkan verən “ağıllı” kəmərin ilkin sifarişlərinin qəbuluna başlayıb.

“Naked Science” resursu xəbər verir ki, texnologiyanın əsasını bədənin vibrasiya keçiricilik qabiliyyəti və xüsusi audiosiqnal emalı alqoritmi təşkil edir. Kəmər və smartfon arasında məlumatların ötürülməsi “Bluetooth” ilə həyata keçirilir. Eni 24 millimetr təşkil edən kəmərdən həm klassik qol, həm də “ağıllı” saatlarda (Samsung Gear, Apple Watch və s.) və ya müstəqil istifadə etmək olar. Kəmərdə, həmçinin qoşma və söndürmə düyməsi, səs ucalığı tənzimləyiciləri “Narahat etmə” rejimi üçün düymə, işıq diodları yerləşir. Mikrofon, akselerometr ilə təchiz edilən məmulat qara, mavi və ağ rəngdə təqdim edilir.

Qurğunu enerji ilə tam doldurmaq üçün 1 saat tələb olunur. Enerji sərfiyyatı aktiv rejimdə 4 saat, passiv rejimdə 7 gün təşkil edir. Dəstə təmir üçün alət, “microUSB” kabeli və ehtiyat detallar daxildir. Bundan başqa, istifadəçilər üçün özündə orqanayzer, fitnes-treker və digər funksiyaları birləşdirən eyniadlı mobil əlavə nəzərdə tutulub. Kəmərin qiyməti komplektləşmədən asılı olaraq 129–399 dollar arasında dəyişir. Tədarüklərə 2017-ci ilin fevralından “DHL” və “FedEx” xidmətləri ilə başlamaq planlaşdırılır.

azərtac