FES-in toplantısından gözləntilər- fikirlər haçalanır…
ABŞ Federal Ehtiyat Sisteminin sentyabrın sonunda keçirəcəyi toplantıdan gözləntilər var. Proqnozlar isə fərqlidir. Bildirilir ki, sifarişlərin və istehsal həcminin azalması fonunda avqust ayında ABŞ-ın istehsal sektorunda aktivlik son 6 ayda ilk dəfə azalıb.
Buna baxmayaraq, planlaşdırılan ixtisarların sayının az olması III rübdə iqtisadi inkişafın bərpasından xəbər verir. Dolların möhkəmlənməsi və neftin ucuzlaşması səbəbindən istehsal prosesində çətinliklər olsa da, əmək bazarında müşahidə olunan yaxşı göstəricilər cari ildə Federal Ehtiyatlar Sistemini (FES) uçot dərəcəsini artırmağa sövq edə bilər.
“UniCredit” bankının Nyu-York ofisinin rəsmisi Harm Bandholts hesab edir ki, FES bu ay uçot dərəcəsini artırmayacaq. Onun sözlərinə görə, statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, FES bu addımı dekabr ayında keçirəcəyi toplantıda ata bilər. Hazırda birjaların diqqəti ABŞ-ın Əmək Nazirliyi tərəfindən açıqlanacaq məşğulluq statistikasına yönəlib. Məhz bu statistika FES-in 20-21 sentyabr tarixlərində keçiriləcək toplantısında verəcəyi qərara təsir edəcək. “Reuters” agentliyinin sorğu keçirdiyi ekspertlərin fikrincə, avqust ayında ABŞ-da qeyri-aqrar sektorda 180 min yeni iş yerinin açıldığı elan olunacaq. Xatırladaq ki, iyun və iyul aylarında müvafiq olaraq 255 min və 292 min yeni iş yeri açılıb.
İnflyasiya üçün də nümunə olacaq mühüm göstəricilərdən biri ABŞ-da bu gün açıqlanacaq qeyri-kənd təsərrüfatı məşğulluq rəqəmidir. FES sədri Janet Yellen, sədr müavini Stenli Fişer və digər mərkəzi bank rəsmilərinin çoxu, məşğulluq bazarının daha da yaxşılaşmasının inflyasiyani mərhələli olaraq 2 faizlik hədəfə çatdıracağından əmindirlər. Yenə də bu versiya, Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr ayı iclası yaxınlaşarkən, mərkəzi bank rəsmilərinin fikir ayrılığına gətirib çıxardır.
İqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a bildirib ki, FES keçən ilin sonlarından uçot dərəcəsini 0,25 – 0,50 faiz diapazonunda saxlasa da, bundan sonra keçirilən bir neçə toplantıda uçot dərəcəsini dəyişdirməyib: “Hər dəfə qərarın dəyişdirilməməsi qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edilir. Əslində bu gün dünya iqtisadiyyatının dörddə birinə sahib olan FES-in bu addımları başadüşüləndir. Bununla Birləşmiş Ştatların qlobal iqtisadiyyatın maraqlarına nə dərəcədə əhəmiyyət verdiyini nümayiş etdirirlər. ABŞ qlobal iqtisadiyyatda baş verən təlatümlərin onun öz iqtisadiyyatı üçün nə kimi nəticələrə gətirib çıxaracağının fərqindədir. Digər tərəfdən, dolların bahalaşması nəticə etibarı ilə Birləşmiş Ştatlarda iqtisadiyyatın inkişafına təsirsiz ötüşməyəcək. Bu, nəticə etibarilə ixrac potensialının zəifləməsinə gətirib çıxaracaqdır. Məhz bu səbəblərdən də FES son toplantılarında uçot dərəcəsinin qaldırılmasına getmədi. ABŞ iqtisadiyyatının qlobal iqtisadiyyatın dirçəlməsindən əldə edəcəyi dividentlər isə kifayət qədərdir. Yəni burada hər bir qərar üzrə dəqiq hesablamalar mövcuddur. ABŞ bundan əvvəl uçot dərəcəsini artıraraq, dolların sürətlə bahalaşmasına nail oldu və bütün dünyaya göstərdi ki, onun ilk baxışda çox sadə görünən bir qərarı dünya iqtisadiyyatına, maliyyə bazarına necə təsir etmək iqtidarındadır. Sonradan isə bu qərarı dəyişib, əks effekt almaqla, bunun əksinin necə baş verdiyini hər kəsə anlatdı. Bu, həm də dünya iqtisadiyyatı və maliyyə sistemi üçün bir əzələ nümayişi idi”.
Ekspertin sözlərinə görə, sentyabr ayının sonlarında məsələnin yenidən FES-in növbəti toplantısının gündəliyinə çıxarılması müsbət qərarın qəbul ediləcəyi anlamına gəlmir: “Əgər müsbət qərar qəbul olunarsa, bu, öz təsirini dünyanın maliyyə bazarlarında müəyyən qədər göstərə biləcək. Yəni uçot dərəcəsi artırılacağı tədqirdə, dolların bir qədər də möhkəmlənməsi baş verə bilər. Bunun Azərbaycan manatının məzənnəsinə də müəyyən qədər təsiri mümkündür. Lakin bu daha çox psixoloji bir amil ola bilər. Manatın məzənnəsi milli iqtisadiyyatın vəziyyətindən, ölkənin valyuta ehtiyatlarının həcmindən və tədiyyə balansının durumundan asılıdır. Bizim iqtisadiyyatımız kifayət qədər güclüdür, valyuta ehtiyatlarımız da kifayət qədərdir. Bir problem tədiyyə balansının kəsiri ilə bağlıdır ki, real sektorun sürətli inkişafı ilə onun da yaxın gələcəkdə həll olunacağı gözlənilir”.
Professor Elşad Məmmədov musavat.com-a deyib ki, FES-in toplantısında faiz dərəcəsinin artırılması ehtimalı azdır: “Bu, ilk növbədə ABŞ-da əmək bazarının, məşğulluq sahəsindəki stabilləşmənin zəif olması ilə, inflyasiya risklərinin yüksəkliyi ilə, onsuz da son dövrdə dolların möhkəmlənməsi nəticəsində ciddi zərərə məruz qalan Amerika ixracatçılarının maraqlarının nəzərə alınmasının vacibliyi, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının fəsadları və digər amillərlə bağlıdır. Bununla belə, qeyd etmək lazımdır ki, hazırkı vəziyyətdə Azərbaycan iqtisadiyyatı üçün, konkret olaraq ölkənin milli valyutasının gələcəyi baxımından FES-in verəcəyi qərarın ölkə iqtisadiyyatına daha çox bilavasitə deyil, dünya bazarında neftin qiymətlərinə bağlılığı baxımından dolayısı təsiri gözlənilir”.
musavat.com