Məlum olduğu kimi prezident İlham Əliyev pambıqçılıq, baramaçılıq, tütünçülük kimi sovet dövründə kifayət qədər gəlir gətirən sahələrin dirçəldilməsi üçün hökümətə konkret tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarından sonra fermerlərə xüsusi güzəştlər edilib,  pambığın, tütünün alış qıymətləri artırılıb. Bəllidir ki, bir zamanlar ən gəlirli sahə hesab edilən pambıqçılıq və tütünçülüyün yenidən inkişaf etdirilməsi  ölkənin valyuta ehtiyatlarını artırmaqla yanaşı həm də kiçik və orta sahibkarlığın formalaşmasına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. 

Tütün iqtisadi əhəmiyyətinə görə pambıqdan sonra ikinci texniki bitki hesab edilir. Amma belə məlum olur ki, pambıqdan fərqli olaraq yerli tütünün alıcıları çox deyil.  Son 20-25 ildə daxili bazarda yerli istehsaldan istifadə edilməyib. Tütün bir neçə ökəyə, üstəlik olduqca ucuz qiymətə satılıb. Bu da fermerlərin tütünçülüyə marağını öldürüb.

Bu il tütün əkini bank sektorunda yaranmış vəziyyətə və toxumla təchizatda yaranan problemə bir qədər gecikib. Lakin buna baxmayaraq əkin sahələrinin genişləndirilməsi nəzərə alınaraq istehsalın artacağı proqnozlaşdırılır. Bəs bu il istehsalla bağlı proqnozlar  özünü doğruldacaqmı? Fermerlərin marağını cəlb etmək üçün daha hansı tədbirlər görüləcək? Daxili bazarda yerli tütündən niyə istifadə olunmur? Tütün tədarükü ilə məşğul olan qurum varmı?

Rəsmi statistika

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsi müdirinin müavini Seymur Səfərlinin sözlərinə görə, bu il 2,4 min hektar ərazidə tütün əkilib. Bu isə ötən ilin göstəricisindən çoxdur. “2015-ci ildə Azərbaycanda tütün əkini sahələri 22,8 faiz artaraq 1,4 hektar təşkil edib. Ötən il 3,5 min ton tütün yarpağı yığılıb. Bu, əvvəlki ilin səviyyəsindən 21,3 faiz çoxdur. Emal müəssisələri 1691,5 ton tütün fermentləyib. Bu ilin avqustun 31-dək  6,2 min ton yaş tütün qəbul edilib və qurudulub.  İndiyədək 650 ton quru tütün əldə edilib”, -deyə nazirlikdən bildiriblər.

Bu il nə qədər tütün yığılacağı tam bəlli deyil.  Hələlik yığım davam edir və yaxın günlərdə istehsalla bağlı konkret göstəricilər açıqlanacaq.

Qiymət artırıldı-15 qəpik və 25 qəpik

 Prezidentin tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin görülməsinə dair tapşırıqlarından sonra iqtisadiyyat naziri Şahin Mustafayevlə kənd təsərrüfatı naziri Heydər Əsədov fermerlərlə görüş keçirib. Görüşdən sonra tütünün alış qiymətlərinin artırılmasına qərar verilib. Beləliklə də bu ildən tütün emalı müəssisələri satınalma qiymətini artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəklər.

Taxıl istehsalçılarına edilən güzəştlər bu ildən pambıq və tütün istehsalçılarına da veriləcək. Fermerlərə hər hektar əraziyə görə 50 manat, üstəlik hər hektar sahədə tütün əkilib- biçilməsinə görə  40 manat subsidiya verilir. Kənd Təsərrüfatı Nazirliyindən onu da deyiblər ki, artıq hesablama aparılıb və yaxın günlərdə ödənişlər ediləcək.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 22 noyabr, 2002-ci il tarixli qərarı ilə  “Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı”nı,  “Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə”ni və “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. Bununla da hökumət tütün istehsalına dəstək verilməsini və bu sahəyə ciddi nəzarət edilməsi qaydalarını təsdiqləyib.

Yerli tütündən yerli istehsalçılar istifadə etmir

Kənd Təsərrüfatı Nazirliyi yerli tütün xammalının  yerli istehsalçılar tərəfindən  istifadə edilmədiyini təsdiqləyir. Amma Seymur Səfərli bunu məhz tütünün keyfiyyəti ilə əlaqələndirilməsini doğru saymır. “Azərbaycanda istehsal edilən tütünün keyfiyyəti yaxşıdır. Yerli istehsaldan daxili bazarda istifadə olunmamasının səbəbi keyfiyyətlə bağlı ola bilməz”,-Səfərli belə deyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 4 ayında ölkədə 43 milyon 360 min qutu siqaret buraxılıb. İstehsal əvvəlki ilin eyni dövrünə nisbətən 54,3 faiz artıb. Yerli istehsalın ümumi həcmi 21 milyon manata yaxın olub. Amma maraqlıdır ki, siqaret istehsalçıları ilə bağlı məhdud məlumatlar verilir. İnternetdə daha çox statistik rəqəmlər, siqaretin istehsalında keyfiyyətli tütündən istifadə olunması ilə bağlı şablon məlumatlara rast gəlinir.

Məsələn, məlumatlarda göstərilir ki, ölkədə siqaret bükülməsi ilə iki müəssisə-“European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyəti və Naxçıvanda yerləşən “Cahan Tobacco” MMC məşğul olur. Birinci şirkət öz markalarını deyil, sifariş əsasında beynəlxalq brend siqaretlərin istehsal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, 2015-ci ilin 9 ayında 1273,5 ton tütün ixrac edilib. Bir ton məhsul 3767 dollar gəlir gətirib.

Azərbaycan tütünü hansı ölkələrə və neçəyə satılır?

Hazırda dünya bazarında 1 ton tütünün qiyməti 4818 dollaradır. Ötən il 1944 ton tütün ixrac olunub. Bundan isə 7.5 milyon dollara yaxın gəlir əldə edilib.  Azərbaycan Gürcüstan, Rusiya, İran, Hindistan, Misir, Macarıstana tütün satır. “Azərbaycanda əsasən yüksək keyfiyyətli Amerika sortu olan “Virciniya” sortu əkilir. Buna görə də yerli istehsalın alıcılar var. Tütünün ucuz qiymətə satılması ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir”, -deyə nazirlik mütəxəssisi əlavə edib.

Keyfiyyətlə bağlı fikir ayrılığı

 

“Etiraf etməliyik ki, bu gün əldə edilən nailiyyətlərə baxmayaraq, hazırda istehsal olunan tütünün   keyfiyyəti sənayenin tələblərinə cavab vermir. Halbuki tütün sənayesinin keyfiyyətli tütünə, xüsusi ilə ətirli tütünə çox ciddi ehtiyacı var. Hazırda siqaret çəkən 50 il bundan əvvəl siqaret çəkən deyil. İndi siqaretin keyfiyyətinə, ətrinə xüsusi diqqət yetirilir. Siqaret çəkən çalışır ki, ondan xoş iy gəlsin, sağlamlığına ciddi təsir göstərməsin. Məhz bu baxımdan tütünçülüyün inkişafı yeni texnologiyalar, keyfiyyətli sortlar və müasir becərmə, qurutmada mexanikləşdirmə tətbiq olunmasını tələb edir”. Bunu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Bəhlul Abbasov “Xalq qəzeti”inə müsahibəsində deyib.

Mütəxəssis  deyib ki, tütünün keyfiyyətini artırmaq üçün müxtəlif sort toxumlar seçilməli, ən yaxşılarının toxumçuluğu təşkil edilməli, əkinçilik, habelə qurutma mədəniyyəti tətbiq olunmalı, xammalın beynəlxalq standartlara uyğun emalı və saxlanması düzgün həyata keçirilməlidir: “Azərbaycanda tütünçülüyü tam bərpası üçün ilk növbədə onun bazarı müəyyənləşdirilməli, sonra isə keyfiyyətli toxum istehsal edilməlidir. Fermer təsərrüfatlarında və tütün emalı müəssisələrində çalışanlar maarifləndirilməli, onlara kömək göstərilməlidir. Bu sahəyə köhnə təfəkkürlə yanaşmaqdan, məhsulun keyfiyyətinə deyil, kəmiyyətinə maraq göstərməkdən daşınılmalıdır”.

Kənd təsərrüfatı üzrə eskpert Vahid Məhərrəmov isə hesab edir ki, tütünçülüyün inkişafı üçün şərait var, amma  buna nail olmaq çətindir. “Ölkədə istehsal olunan  tütünün hamısı ixraca gedir. Üstəlik keyfiyyət aşağı olduğu üçün nisbətən ucuz qiymətə satılır. Fermerlərə sərf etmədiyi üçün onlar tütünçülüklə məşğul olmaqda maraqlı deyillər”, V.Məhərrəmli əlavə edib.

Tütün enliyarpaqlı bitki olduğu üçün suvarma suyuna çox ehtiyacı var. Bu bitki təxminən 7 dəfə suvarılmalıdır. Tütün gərgin əmək və kapital tələb edir. Məsələn, tütün qida maddələrinə çox tələbkardır. Ölkəyə gətirilən mineral gübrələr isə bahadır.

İstənilən sahənin inkişafı üçün o sahə haqqında bilgili olmaq vacibdir. V.Məhərrəmov deyir ki, fermerlərin tütünçülüklə bağlı məlumatsız olması onların işlərini çətinlədirir. “Tütünçülük elə sahədir ki, yanlığılığa yol verilməsi məhsuldarlığa, eləcə də keyfiyyətə təsir edir. Buna görə də fermerlərin maarifləndirilməsinə ehtiyac var”.

Növbəti illərdə…

 Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların tütün əleyhinə təbliğatına baxmayaraq dünyada siqaretə olan təlabat artmaqda davam edir. Azərbaycanda illik siqaret istehlakı 15 milyard ədəddir. Bu, adambaşına 1500 ədəd təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyi tütünçülüyün inkişafı ilə bağlı görüləcək tədbirlər sayəsində tütün əkini sahələrinin 16 min hektara çatdırılacağını proqnozlaşdırır. İstehsal isə 2-3 dəfə artacaq. Tütünçülüyün inkişafı ilə daxili bazarı xaricdən gətirilən və keyfiyyəti bəlli olmayan məhsullardan, həmçinin bu sahəni inhisara alanlardan təmizlənə bilər.

 

Virtualaz.org