Ən böyük cəza “Valensiya”ya verilib.
Avropa Birliyi Komissiyasının Rəqabət Komitəsi İspaniyanın 7 futbol klubunu cəzalandırıb. ANS PRESS-in məlumatına görə, buna səbəb həmin klubların qanunsuz sosial yardım alması göstərilib.
Yerli mətbuatın yazdığına görə, bunlar “Real” (Madrid), “Barselona”, “Atletik” (Bilbao), “Valensiya”, “Osasuna”, “Herkules” və “Elçe”dir. 7 kluba ümumilikdə 68,8 milyon avro cərimə kəsilib və onlara bu barədə məlumat verilib.
Ən böyük cəza (20.4 milyon avro) “Valensiya”ya verilibsə, “Real”a 18.4, “Barselona”ya isə 5 milyon avro cərimə kəsilib. Bu arada Madridlilərin yeni mövsümdə istifadə edəcəyi formalar ictimaiyyətə təqdim olunub. Klub ənənəvi rənglərinə sadiq qalıb.
Həmçinin “Barselona” yığmasının ulduz futbolçusu Lionel Messi Argentina millisinə qayıdır. Bu barədə “La Nacion” məlumat yayıb.
“Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyadakeçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir”. Məlumata görə, bu məlumatı Messinin adını gizli saxlayan sabiq komanda yoldaşı mediaya ötürüb.
“Kopa Amerika” çempionatı çərçivəsində Messi sonuncu dəfə Argentina-Çili qarşılaşmasında milli formanı geyinmişdi. Matçın əsas hissəsi heç-heçə bitdiyi üçün rəqiblər penalti zərbələri ilə oyunun taleyinə aydınlıq gətirmək məcburiyyətində qalmışdılar.