“Kapital Bank” ASC-nin dövlətə bağlı müəssisələrə verdiyi kreditlər təxminən 2,5 dəfə artıb.
“Marja” Bankın 2015-ci il üzrə hesabatına istinadən xəbər verir ki, 31 Dekabr 2015-ci il tarixinə “Kapital Bank”ın müşətərilərə verdiyi cəmi kreditlər 1 milyard 182 milyon manat təşkil edib.
Kreditlərin 545 milyon 580 min manatı və ya 46%-i fiziki şəxslərə, 404 milyon 965 min manatı və ya 35%-i dövlətə bağlı müəssisələrə, 212 milyon 73 min manatı və ya 18%-i özəl müəssisələrə, 19 milyon 750 min manatı və ya 1,7%-i sahibkarlara verilib.
2014-cü ilin sonu ilə müqayisədə fiziki şəxslərə verilən kreditlər 34% artıb. 31 Dekabr 2014-cü il tarixində fiziki şəxslərə verilən kreditlər 406 milyon 105 min manat təşkil etmişdi.
Dövlətə bağlı müəssisələrə verilən kreditlər isə təxminən 2,5 dəfə artıb, Belə ki, 31 Dekabr 2014-cü il tarixində belə müəssisələrə veriələn kreditlər 164 milyon 404 min manat idi.
Ötən il, özəl şirkətlərə verilən kreditlər 2014-cü ilin sonundakı 287 milyon 484 min manatdan 212 milyon 73 min manata, sahibkarlara verilən kreditlər isə 67 milyon 677 min manatdan 19 milyon 750 min manata düşmüşdür.
KREDİTLƏRİN 54%-İ BİZNESƏ VERİLİB
Sektorlar üzrə baxdıqda, kreditlərin 214 milyon 738 min manatı istehsal sektoruna, 184 milyon 584 min manatı nəqliyyat sektoruna, 109 milyon 98 min manatı tikinti sektoruna, 77 milyon 35 min manatı ticarət və xidmət sektoruna, 25 milyon 989 min manatı kənd təsərrüfatı və qida məhsullarının emalı sektorlarına, 18 milyon 816 min manatı telekommunikasiya sektoruna, 545 milyon 580 min manatı fiziki şəxslərə (əhali), 6 milyon 528 min manatı digər sektorlara ayrılmışdır.
31 Dekabr 2015-ci il tarixinə Bankda 12 ən iri borcalandan alınacaq 482 milyon 782 min manat və ya ümumi kredit portfelinin 41%-i ilə təmsil olunan kredit konsentrasiya olmuşdur. Bu kreditlər üçün 9 milyon 486 min manat məbləğində ehtiyat yaradılmışdır.
İPOTEKA KREDİTLƏRİ ARTIB
31 Dekabr 2015-ci il tarixinə olan məlumata görə, “Kapital Bank” Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına 21 milyon 670 min manatlıq ipoteka krediti vermişdir (31 Dekar 2014-də 19 milyon 474 min manat idi).
Bank, Sahibkarlığa Kömək Milli Fondu ilə imzalanmış borcalma sazişlərinə uyğun olaraq korporativ müşətərilərə və sahibkarlara, müvafiq olaraq 51 milyon 770 min manat (2014-cü il: 45 milyon 385 min manat) və14 milyon 832 min manat (2014-cü il: 16 milyon 481 min manat) kredit ayırmışdır.