Bir sıra banklar 2015-ci ildə filiallarını bağlayıb işçiləri ixtisar edərəkən, “Kapital Bank” ASC gəlirlərini yaxşıca artırıb, yeni işçilər işə qəbul edib.
Belə ki, “Kapital Bank” ASC 2015-ci ili 61 milyon 924 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın 2015-ci il üzrə hesabatına istinadən xəbər verir ki, ötən ili Bankın cəmi gəlirləri 280 milyon 661 min manat, o cümlədən faiz gəlirləri 189 milyon 123 min manat, qeyri-faiz gəlirləri isə 91 milyon 538 min manat təşkil edib.
Bütün xərclər çıxıldıqdan sonra Bankın 79 milyon 406 min manat mənfəəti qalıb və bu mənfəətdən 17 milyon 482 min manat mənfəət vergisi ödənilib.
“Kapital Bank” 2014-cü ili 67 milyon 859 min manat xalis mənfəət ilə başa vurmuşdu.
FAİZ GƏLİRLƏRİ KƏSKİN ARTIB
2014-cü illə müqayisədə ötən il Bankın faiz gəlirləri 55% artıb. Bank 2014-cü ildə təxminən 122 milyon manat faiz gəlirləri əldə etmişdi.
Ötən il Bankın qeyri-faiz gəlirləri isə 41% artaraq 64,8 milyon manatdan 91 milyon 538 min manata yüksəlib.
31 Dekabr 2015-ci il tarixində “Kapital Bank” ASC 2 milyard 17 milyon manat cəmi aktivə malik olmuşdur ki, bu da 2014-cü ilin sonu ilə müqayisədə 47% çoxdur.
Bankın aktivlərinin yarısından çoxunu– 1 milyard 182 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
31 Dekabr 2015-ci il tarixində “Kapital Bank” ASC-nin cəmi öhdəlikləri 1 milyard 724 milyon manat təşkil etmişdir ki, bu da 2014-cü ilin sonu ilə müqayisədə təxminən 60% çoxdur.
“Kapital Bank” 185 milyon manat nizamanmə kapitalına, 292,4 milyon manat cəmi kapitala malik olub. Ötən il Bankın kapitalı cüzi azalıb (2014-ün sonunda 294,4 milyon manat idi).
İŞÇİLƏRİNİN SAYI 178 NƏFƏR ATIB
31 Dekabr 2015-ci il tarixində“Kapital Bank”ın işçilərinin sayı 2172 nəfər təşkil edib. 2014-cü ilin sonunda Bankda 1994 nəfər işləyirdi.