OPEC ölkələri 2016-cı ilin aprel ayında neft hasilatını 330 min barel/gün və ya 1,02% artıraraq 32,76 mln. barel/günə çatdırıb. “Report”un Beynəlxalq Energetika Agenliyinə (IEA) istinadən verdiyi xəbərə görə, bu, 2008-ci ildən etibarən ən yüksək göstərici hesab olunur.
Hasilatın əsasən İran, İraq və BƏƏ-də artması və Küveyt ilə Nigeriyada göstəricinin azalmasının örtülməsi hesabına formalaşdığı bildirilir. Səudiyyə Ərəbistanının hesabat dövründə gündəlik 10,20 mln. barel, İranın isə 3,56 mln. barel hasil etdiyi qeyd olunub.
IEA hesab edib ki, OPEC iyuna qədər hasilatı artırmağa davam edəcək. Həmçinin, OPEC üzvü olmayan ölkələrdə gündəlik neft hasilatının 800 min barel və ya 1,4% azalaraq 56,8 mln. barelə enəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, S.Ərəbistanı və Nigeriya rəsmiləri mayın 10-da ölkələrinin neft hasilatını artıracağını bəyan ediblər.