İsveçrənin Azərbaycandakı və Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Fins.az xəbər verir ki, görüşdə Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıq və informasiya əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Səfir Caspian European Club (Caspian Business Club) ilə İsveçrə səfirliyi, eləcə də İsveçrə şirkətləri arasındakı gələcək əməkdaşlıqda maraqlı olduğunu deyib. Enerji əməkdaşlığı məsələlərinə toxunan Filip Ştalder “İsveçrə Cənub Qaz Dəhlizinin boru kəməri infrastrukturu qismində TAP (Transadriatik boru kəməri) layihəsini fəal şəkildə dəstəklədi”, – deyə qeyd edib. Onun fikrincə, “TAP İsveçrədəki mənzil-qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümunəsidir”.

Səfir qeyd edib ki, SOCAR Cenevrədəki 160 yanacaq doldurma məntəqəsi və ticarət strukturu ilə birgə İsveçrədə fəal xarici investor və işə götürəndir.

Filip Ştalder vurğulayıb ki, İsveçrənin Azərbaycandakı 4-cü səfiri kimi onun məqsədi iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin genişləndirilməsi, o cümlədən İsveçrənin Azərbaycanda iştirakını gücləndiməkdir. “Son bir neçə il ərzində İsveçrə və Azərbaycan sıx əlaqələr qurmağa nail olub. İkitərəfli münasibətlərin genişləndirilməsi üçün münbit siyasi şərait mövcuddur”, – deyə o vurğulayıb.

Səfirin sözlərinə görə, İsveçrənin iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan nəhəng şirkətləri Azərbaycanda öz fəaliyyətlərini qurublar. “Bakıdan cənubda yerləşən müəssisəsində sement istehsalı ilə məşğul olan İsveçrə şirkətlərindən biri qeyri-neft sektoruna birbaşa xarici investisiyanın axın mənbəyidir. İnşaat və sənaye sektorları üçün xüsusi kimyəvi reagent istehsal edən digər İsveçrə şirkəti isə bu yaz Sumqayıt Kimya Sənaye Parkındakı yeni müəssisədə işləmək niyyətində olduğunu açıqlayıb. Beləcə, isveçrəli investorlar ölkə iqtisadiyyatının real sektoruna maraq göstərirlər”, – deyə o bildirib.

“İkitərəfli ticarət dövriyyənin təxminən 1 milyard İsveçrə frankı (1 milyard ABŞ dolları) təşkil etdiyi əvvəlki illərlə müqayisədə mən indi üzə çıxmamış daha geniş potensial və mövcud ticarət göstəricilərin artımında hər iki tərəfin böyük marağını görürəm”, – deyə Filip Ştalder söyləyib.

Görüşün sonunda Filip Ştalder “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli münasibətləri,  iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivlərindən danışıb, turizm sektorunun və enerji əməkdaşlığının inkişafından söz açıb.