Cari ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2 % artıb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, aprel ayında marta nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,2 %, o cümlədən ərzaq məhsulları 0,1%, qeyri-ərzaq məhsulları 0,5% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Apreldə mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, mebel və ev əşyalarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 10,8% artıb.
Rəsmi statistikaya əsasən, 2016-cı ilin mart ayında istehlak məhsulları və xidmətlərin qiymətləri fevrala nisbətən 0,4%, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri fevrala nisbətən 0,3%, yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,1% bahalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətlərində fevrala nisbətən 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 0,5%, bahalaşma olub.