Beynəlxalq Enerji Agentliyi (İEA), İranın neft hasilatı və ixracında baş verən artıma baxmayaraq, qlobal neft bazarlarının tarazlığa yaxın olduğunu bildirib.
“Marja” xəbər verir ki, IEA bu gün yaydığı Aprel ayı neft bazarı hesabatında, İranın istehsalının Aprel ayında 300 min barel/gün artaraq 3,56 milyon barel/gün ilə 2011-ci ilin Noyabr ayından bəri görülən ən yüksək səviyyəyə çıxdığını qeyd edib, ixracının isə 600 min barel/gün artaraq 2 milyon barel/günə çatdığını bildirib.
İranın hasilatındakı bu artıma baxmayaraq, qlobal neft ehtiyatlarındakı yüksəlişin ilin ikinci yarısında yavaşlayacağını proqnozlaşdıran IEA, ilin birinci yarısında 1,3 milyon barel/gün olan ehtiyat artımı sürətinin ilin 2-ci yarısında yalnız 200 min barel/gün olacağını təxmin edib.
IEA hesabatda, OPEC üzvü olmayan ölkələrin neft hasilatlarında 2016-cı il üçün azalma proqnozunu 710 min barel/gündən 800 min barel/günə, qlobal neft tələbində artım proqnozunu isə 1,16 milyon barel/gündən 1,2 milyon barel/günə qaldırıb. OPEC üzvü olmayan ölkələrin neft hasilatı Aprel ayında 125 min barel/gün azalma ilə 56,6 milyon bare/günə enib.
OPEC-in hasilatının isə Aprel ayında 330 min barel/gün artaraq 32,76 milyon barel/günə çatdığını bildirən IEA, İran, İraq və BƏƏ-nin hasilatı artarkən Nigeriya, Liviya və Venesuelanın hasilatlarının ötən illə müqayisədə 450 min barel/gün azaldığına diqqət çəkib. Səudiyyə Ərəbistanı isə hasilatı 10,2 milyon barel/gün səviyyəsində qoruyub.