Azərbaycanın bank sektorunda müşahidə olunan durğun vəziyyət ölkədə fəaliyyət göstərən sahibkarların planlarını qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olub.
Əksər bankların kreditləşməni dayandırması və ya məhdudlaşdırması iş adamlarını çətin vəziyyətə salıb. Bu barədə “Report”a əsasən avtobus istehsalı ilə məşğul olan “İsuzu Anadolu” Yaponiya-Türkiyə şirkətindən bildirilib.
Şirkət nümayəndəsi qeyd edib ki, hazırda Azərbaycanda şirkətin nəqliyyat vasitələrinə tələbat böyük olsa da, maliyyə vəsaitlərinin çatışmazlığı üzləşən sifarişçilər satınalma əməliyyatlarını reallaşdıra bilmir: “Məsələn, 2015-ci ilin I və II rüblərində ümumilikdə 135 avtobus satılıb. Lakin keçən ilin dekabr ayından bu ilin may ayınadək cəmi 1 ədəd avtobus satılıb. Şirkətimizin gündəlik istehsalı 34 yük, 15 avtobus, 8 pikap təşkil edirdi, lakin satışın həcmi azaldığı üçün istehsal həcmi də iki dəfə düşüb. Banklar kredit verilməsini dayandırıb və heç kim nağd pul vəsaitinə malik olmadığı üçün zəruri nəqliyyat vasitələrini ala bilmir”.
Əsas satış bazarları sırasında Azərbaycan və Əlcəzairin olduğunu qeyd edən şirkətin təmsilçisi bildirib ki, enerji qiymətlərinin düşməsi hər iki ölkədəki layihələrin reallaşmasına təsir edib: “Azərbaycanda təxminən 20-25 şirkətlə davam edən layihələrimiz olub. Lakin həm neftin qiymətinin düşməsi, həm də milli valyutanın devalvasiyası bu planları təxirə saldı”.
Qeyd edək ki, “İsuzu Anadolu”nun Avropa ölkələrində satışının həcmi artıb. Xüsusən Bolqarıstan, İtaliya, Fransa, Rumıniyaya satılan nəqliyyat vasitələrinin sayı artıb. Şirkət Avropa ölkələri hesabına artan satışın həcmi sayəsində 2016-cı ili uğurla tamamlayacağını proqnozlaşdırır.