Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmləri ən geci 2018-ci ildə satışa çıxarılacaq.

AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Səud məlumat verib. O deyib: “Saudi Aramco”nun 5 faizdən az səhmlərinin “Riyad” birjasında satışa çıxarılması planlaşdırılır. Bu satış əməliyyatının 2017-ci ildə, ən geci isə 2018-ci ildə həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən bir barrelini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfərə isə əcnəbi vətəndaş işləyir.