İtaliya hökuməti 2015-ci ilin oktyabrında qəbul olunmuş sabitlik haqqında qanuna (“Stability Law”) dəyişikliklər edib.
AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, dəyişikliklər onlayn və oflayn oyun müəssisələrinin gəlirlərindən vergi ödəmələrinin yeni sxemini nəzərdə tutur. Bu, əsas etibarı ilə kazino və internet-poker kimi mərc oyunlarına aiddir.
Beləliklə, 2016-cı il yanvarın 1-dən başlayaraq, onlayn poker yarışlarından və pullu mərc oyunlarından, həmçinin onlayn kazinodan ümumi gəlirin 20 faizi vergiyə cəlb olunur.
İdman mərc oyunlarına gəlincə, onlayn rejimdə rəsmiləşdirilən gəlirlərin 22 faizi, oflayn müəssisələrdə rəsmiləşdirilən gəlirlərin isə 18 faizi vergiyə cəlb edilir.