Elə banklar var ki, onlar müflis olmağa razıdırlar, amma birləşməyə yox…

Bu ilin əvvəlindən banklar qəflətən və ardıcıl şəkildə bağlanmağa başlasa da, az sonra proses səngidi. Mərkəzi Bankın hətta bir gündə iki bankı bağlamaq kimi tələsik qərarları bu işin davamlı olacağını proqnozlaşdırmağa təkan verirdi. 
Əksər ekspertlər bu gedişlə ölkədəki bankların azı yarısının bağlanacağını ehtimal edirdilər. Ancaq az sonra proses dayandı və bağlanan bankların müqaviməti başladı, məhkəməyə müraciət edən banklar oldu. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. 
 
Onun banklarla bağlı Mərkəzi Bankın addımını davam etdirib-etdirməyəcəyi sual altındadır. Ekspertlər bununla bağlı fikirlərini musavat.com-la bölüşüblər. Banklar bundan sonra birləşə bilərmi və əks halda, palata onları bağlayacaqmı?
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, Azərbaycan bankları birləşməyə meylli deyillər: “Bunun da səbəbləri var. Çünki hər iki bank, hətta bütövlükdə hər biri birləşmədə maraqlı deyillər. Nəzərə alsaq ki, özəlləşdiriləndən sonra səhmdar cəmiyyətə çevrilsələr belə, sonradan bir əldən idarə olunan firma kimi fəaliyyət göstərməyə başlayırlar. Yəni faktiki olaraq bu gün dünyada baş verən, həm bank, həm biznes sferasında baş verənlərin əksi Azərbaycanda baş verir. Yəni bu gün istənilən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə belə bankların birləşməsi baş versə də, Azərbaycanda əks proses gedir. Azərbaycanda daha çox banklar ayrılıqda fəaliyyət göstərmək istəyir. Birləşərək öz imkanlarını genişləndirmək aparmaqla bağlı problem yaşayırlar. Güman olunur ki, əsas səbəbi bankların idarəedilməsində olan problemlərlə bağlıdır.
Çox təəssüf ki, banklar uzun müddət yüksək faizli kreditlərdən kifayət qədər gəlir əldə ediblər. Bankların idarəedilməsindəki problemlər onların birləşməsinə mane olur. Çünki onlar mövcud problemlərlə üzləşməkdə maraqlı deyillər. İkinci səbəb odur ki, bankların uzun müddət gəlir əldə etməsi onların xüsusən yüksək gəlirə aludə olmasına gətirib çıxarıb. Onlar birləşərək daha az gəlirə qane olmaq istəmirlər. Elə banklar var ki, onlar müflis olmağa razıdırlar, amma birləşməyə deyil. Nəticə etibarı ilə bu da bankların birləşməsinə kifayət qədər ciddi problemlər yaradır.
Mərkəzi Bank bankların birləşməsini tövsiyə edir, bəzi hallarda tələb edir. Amma bankların birləşməsi inzibati yolla baş verməməlidir. Bankların birləşməsi bank sektorunun liberallaşması hesabına baş verməlidir. Əgər bank sektoru liberallaşsa, bank sektorunda müstəqil banklar fəaliyyət göstərsə, rəqabət əsnasında öz işlərini qursalar, onda təbii ki, bankların birləşməsi prosesi sürətlənəcək.
Yeni yaradılan palata bank sektorunun liberallaşmasını həyata keçirəcəksə, palatanın bankların birləşməsinə müsbət təsiri olacaq. Yəni palatanın indiki məqamda əsas rolu ondan ibarət ola bilər ki, sektorda rəqabəti gücləndirsin, bununla da inzibati deyil, stimullaşdırıcı yollarla bankların birləşməsi prosesini sürətləndirsin. Eyni zamanda birləşən banklarla bağlı stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Birləşmiş banklara daha böyük həcmli mərkəzləşdirilmiş kreditlərin verilməsini təklif edirik. Əks halda, inzibati metodlarla bankların birləşməsi bank sektoru üçün yaxşı heç nə vəd etmir”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, hər bir bank sahibi istəyir ki, onun bankı bazarda qalsın, fəaliyyət göstərsin: “Heç kəs bağlanmaq istəmir. Mən o bankları da başa düşürəm. Yəni demək istəyirlər ki, bizdən də pis vəziyyətdə olan banklar var. Niyə onları bağlamırlar? Yəni hər bir şəxs, yəni hüquqi şəxs də mövcudluğunu qorumaq istəyir. Həm də unutmayaq ki, bank sahiblərinin özlərinin də həmin banklarda pulları qalıb. Yəni bu məsələ də var. Ona görə də istəyirlər ki, bankları təzədən özlərinə qaytarılsın ki, pullarını çıxara bilsinlər. Bunun arxasında duran müəyyən şəxsi maraqlardır. Amma bütövlükdə deyim ki, bağlanan banklar elə bağlanmalı idi. Onların vəziyyəti onsuz da pis idi və bağlanmalı idilər. Sadəcə, hesab edirəm ki, daha pis vəziyyəti olan bankların bağlanması ədalətsizlikdir. Bağlanan bankların təzədən bazara qaytarılması bank sistemi üçün arzuolunan deyil.
Əksinə, bu, çox pisdir. Misal üçün, Azərbaycanda ”Caspian Development Bank” var. Əvvəllər Universal Bank idi. Bir dədə bağladılar, təzədən məhkəməyə verdi. Sonra adını “Kövsərbank” qoydu, fəaliyyət göstərdi. Mərkəzi Bank onu yenə bağladı. Məhkəmədə yenə uddu, qayıtdı, gəldi. İndi də “Kövsərbank” adını dəyişdi, “Caspian Development Bank” qoydu. Hansı ki, Müşahidə Şurasının sədri elə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktorudur. Həmin bank dördüncü rüb ərzində təkcə devalvasiyadan 36 milyon qazanıb. Yəni belə çıxır ki, bank elə valyuta alveri ilə məşğul imiş. Milli valyutamızı devalvasiyaya uğradan banklardır. Bununla demək istəyirəm ki, bağlanan bankların bazara qayıdanda elə də pozitiv fəaliyyətləri olmur. Bu bankın timsalında görürük ki, təkcə dördüncü rübdə 36 milyon pulu devalvasiyadan qazanıb. Sadəcə, valyuta alveri edib. Deməli, milli valyutamızın devalvasiyasına köməklik edib. Yəni ona görə, deməli, indiki banklar da bağlanandan sonra qayıdıb gəlsələr, onlar da bu cür işlərlə məşğul olacaqlar. Yəni bu baxımdan, istəməzdim ki, onların fəaliyyəti bərpa olunsun”.
Musavat.com